Yuxarı

​Estoniya I Avropa Oyunlarında 59 idmançı ilə təmsil olunacaq

Ümumilikdə Bakıya 97 nəfərlik heyət gələcək

Bakı. 28 may. REPORT.AZ/ Estoniya Olimpiya Komitəsi (EOK) "Bakı 2015" I Avropa Oyunlarında iştirak edəcək idmançıların sayını açıqlayıb. 

"Report"un EOK-un rəsmi saytına istinadən verdiyi məlumata görə, Estoniya Oyunlarda 59 idmançı ilə təmsil olunacaq.

Estoniyalı idmançılar Oyunların proqramına daxil edilmiş bütün idman növlərində deyil, 12-də çıxış edəcəklər. Bura velosiped, cüdo, atıcılıq, güləş, boks, çimərlik voleybolu, qılıncoynatma, 3X3 basketbolu, badminton, triatlon, üzgüçülük və kamandan oxatma növləri daxildir.

Estoniyadan Bakıya EOK-un idman direktoru Martti Rayunun rəhbərliyi altında ümumilikdə 97 nəfərlik heyət gələcək. Bu siyahıya idmançılardan əlavə, məşqçi, həkim və digər nümayəndələr də daxildir.

Ölkə bayrağını isə güləşçi Nabi Xeyki daşıyacaq. 30 yaşlı yunan-Roma güləşçisi iki dəfə dünya (2006, 2013) çempionu adını qazanıb və bir dəfə dünya üçüncüsü olub (2014). Bundan başqa, o, "London 2012"də gümüş, 2005 və 2006-cı illərdə keçirilən Avropa çempionatında isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi