Avropa Oyunlarından əldə olunacaq gəlir Azərbaycana qalacaq

Avropa Oyunlarından əldə olunacaq gəlir Azərbaycana qalacaq Çingiz Hüseynzadə: "Tofiq Bəhramov adına Respublika stadionu əhaliyə olan tələbatı ödəmir"
Avropa Oyunları
17 Mart , 2015 13:21
Avropa Oyunlarından əldə olunacaq gəlir Azərbaycana qalacaq

Bakı. 17 mart. REPORT.AZ/ "Avropa Oyunları ilə bağlı işlərin son mərhələsi görülür. Oyunlara 90 gündən də az müddət qaldığı üçün iştirak edəcək ölkələrin heyətləri artıq müəyyənləşib". "Report"un məlumatına görə, bunu bu gün keçirilən Azərbaycan İnvestisiya Sammitində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.

Oyunların gedişinin izlənməsinin komitənin üzərinə düşdüyünü bildirən Ç.Hüseynzadə yarışlara hazır vəziyyətdə olduqlarını söyləyib. O, idman qurğularının bir çoxunun istifadəyə verildiyini və test yarışları keçirildiyini xatırladıb: "Apreldə boks və güləş üzrə test yarışları da keçiriləcək. Üzgüçülük hovuzu tikilib. Həmin kompleksin aprel-may aylarında sınaqdan keçirilməsi nəzərdə tutulub. Atletlər Kəndi də tam hazır vəziyyətdədir. Bundan sonra əsas işlərimiz bu oyunlara KİV vasitəsilə Azərbaycan tamaşaçılarını cəlb etməyimizlə bağlı olacaq. Arzu edirik ki, Azərbaycan tamaşaçıları bu oyunlarda fəal iştirak edəcəklər".

Vitse-prezident böyük vəsait tələb edən bütün işlərin başa çatdığını qeyd edib: "Böyük vəsait komplekslərin tikintisinə xərclənib. Artıq Oyunların başlanmasına az vaxt qalıb".

I Avropa Oyunlarında iştirak edəcək ölkələrin idmançılarının xərclərinin Azərbaycan tərəfindən ödənilməsindən danışan Ç.Hüseynzadə olimpiadalarda bu xərclərin təşkilatçı tərəfindən qarşılandığını xatırladıb: "Bu, bütün müqavilələrdə qeyd olunur. Oyunlarda da təşkilatçı biz olduğumuzdan, xərcləri özümüz qarşılayırıq və düşünürəm ki, normal haldır. Lakin bu məsələdə bizim üstünlüyümüz var. Olimpiya Oyunlarında bütün marketinq gəlirləri Beynəlxalq Olimpiya Komitəsinə məxsusdursa, Avropa Oyunlarında bütün gəlirlər bizə qalacaq. Buraya biletlər, televiziya yayımı və digər marketinq gəlirləri daxildir. Sonda isə hesabladıqda, Azərbaycanın udduğunu görərik".

Komitə rəsmisi Oyunlardan sonra Azərbaycanın borca düşəcəyi barədə iddialara da aydınlıq gətirib: "Bu sualları mənə tez-tez verirlər. Yunanıstan 2004-cü il Afina Yay Olimpiya Oyunlarından sonra yaranan borcu hələ də ödəyə bilməyib. Ancaq ondan sonrakı Pekin olimpiadasında bu kimi hallar qeydə alınmadı. İkincisi də 3 milyon əhalisi olan bir şəhərdə Olimpiya stadionu kimi böyük bir stadionun olması normaldır. Tofiq Bəhramov adına Respublika stadionu əhaliyə olan tələbatı ödəmir. Hətta sovet dönəmində belə bu tələbat ödənmirdi. Avropa Oyunlarının büdcəsi olimpiadaların büdcəsindən qat-qat aşağıdır. Ona görə də, hesab edirik ki, bizə ziyan dəyməyəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi