Yuxarı

Azərbaycan cüdoçusu "Bakı 2015"in finalına yüksəlib

Nicat Şıxəlizadə isə bürünc medal uğrunda görüşəcək

Bakı. 25 iyun. REPORT.AZ/ Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında təmsil edən cüdoçu Orxan Səfərov finala yüksəlib. "Report"un məlumatına görə, 60 kq çəkidə mübarizə aparan O.Səfərov yarımfinalda ispaniyalı Fransisko Qarriqosu cərimə xalları ilə məğlub edib.

O, finalda rusiyalı Beslan Mudranovla qarşılaşacaq.

Təsəlliverici görüşdə ukraynalı Georgi Zantarayanı məğlub edən Nicat Şıxəlizadə isə bürünc medal uğrunda yarışacaq. 66 kq çəkidəki cüdoçunun son rəqibi yarımfinal mərhələsindəki digər görüşlərin nəticəsindən sonra məlum olacaq.

*** 17:09

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edən cüdoçu Orxan Səfərov yarımfinala yüksəlib. "Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən 23 yaşlı idmançı 1/4 finalda isveçrəli Ludovik Şammarteni yenib.

O.Səfərov rəqibin 2 şido xalını vaza-ri və yuko fəndləri ilə üstələyib. Azərbaycan təmsilçisi yarımfinalda ispaniyalı Fransisko Qarriqosla üz-üzə gələcək.

66 kq-da mübarizə aparan Nicat Şıxəlizadə isə 1/4 finalda portuqaliyalı Sergiu Oleynikə ipponla məğlub olub. Bununla belə, N.Şıxəlizadə bürünc medal uğrunda mübarizəni davam etdirir. O, ilk təsəlliverici görüşdə ukraynalı Georgi Zantarayanı məğlub etməlidir.

*** 15:17

Azərbaycanı I Avropa Oyunlarında təmsil edən Nicat Şıxəlizadə də 1/4 finala yüksəlib. "Report"un məlumatına görə, 27 yaşlı idmançı 1/8 finalda italiyalı Elio Verdeni ipponla məğlub edib. 

Onun növbəti rəqibi portuqaliyalı Sergiu Oleynik olacaq. 

*** 14:41

Azərbaycanı I Avropa Oyunlarında təmsil edən Orxan Səfərov ilk görüşünü qələbə ilə başa vurub. "Report"un məlumatına görə, 24 yaşlı idmançı 1/8 finalda Belarusu təmsil edən əslən azərbaycanlı Arif Bağırovu məğlub edib. 

O, rəqibinə vaza-ari və 2 yuko xalı ilə qalib gəlib. 1/4 finalda O.Səfərovun rəqibi isveçrəli Ludovik Şammarten olacaq. 

*** 14:19

"Bakı 2015" I Avropa Oyunlarında çıxış edən Azərbaycan cüdoçusu Nicat Şıxəlizadə 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu 1/16 finalda türkiyəli Sinan Sandalı ippon fəndi ilə məğlub edib. Azərbaycanlı əlcək sahibinin növbəti rəqibi italiyalı Elio Verde olacaq.

Eyni çəkidəki Tərlan Kərimov ilk görüşdəcə məğlubiyyətlə üzləşib. 1/16 finalda rusiyalı Mixail Pulyayevlə üz-üzə gələn T.Kərimov rəqibi ilə eyni şido xalına malik olsa da, qarşı tərəf vaza-ari ilə azərbaycanlı cüdoçunu üstələyib.

66 kq çəkidəki İlqar Müşkiyev 1/8 finalda ispaniyalı Fransisko Qarriqosa yuko xalı ilə uduzub. Orxan Səfərov isə belaruslu Arif Səfərovla üz-üzə gələcək.

Qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva 1/8 finalda belçikalı Şarlin van Sniklə qüvvəsini sınayıb. Görüş Əliyevanın ipponla məğlubiyyəti ilə nəticələnib. Eyni çəkidəki digər qadın cüdoçu Aişə Qurbanlı da məğlubiyyətlə üzləşib. O, eyni mərhələdə italiyalı Valentina Moskata ipponlla uduzub.

52 kq çəkidəki Səkinə Zayirova 1/16 finalda israilli Roni Şvartsa ipponla uduzub.

57 kq çəkidəki Kifayət Qasımova isə eyni mərhələdə serbiyalı Yovana Rogiçə cərimə xalları ilə yenilib - 2:3.

*** 13:06

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın daha bir cüdoçusu Aişə Qurbanlı 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, o, 1/16 final mərhələsində 48 kq çəki dərəcəsində gedən mübarizədə rusiyalı Kristina Rumyantsevanı ipponla məğlub edib.

A.Qurbanlının 1/8 finaldakı rəqibi italiyalı Valentina Moskatt olacaq. 52 kq çəki dərəcəsində isə Səkinə Zayırova israilli Roni Şvarts səddini keçə bilməyib. O, ipponla məğlub olub.

*** 12:22

Bakı. 25 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında 48 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Leyla Əliyeva 1/8 finala yüksəlib. "Report"un məlumatına görə, o, 1/16 finalda sloveniyalı Kristina Vrsiçə qalib gəlib - 1:0.

L.Əliyevanın növbəti mərhələdəki rəqibi belçikalı Çarlin Van Snik olacaq.

*** 10:11

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında cüdo yarışlarına start veriləcək. "Report"un məlumatına görə, 49 ölkədən 400 cüdoçunun qatılacağı yarış həm də Avropa çempionatı statusu daşıyır.

Şotlandiyanın paytaxtı Qlazqonun apreldə təşkil etməli olduğu çempionatdan məhrum edilməsi üzündən Avropa Cüdo İttifaqı belə bir qərar verib.

İlk yarış günündə 5 çəki dərəcəsində mübarizə aparılacaq. Kişilər 60 və 66 kq-da yarışacaqlar. Qadınlar isə 48, 52 və 57 kq çəki dərəcələrimdə mübarizə aparacaqlar. Azərbaycanı bütün çəki dərəcələrində üst-üstə 8 cüdoçu təmsil edəcək.

Kişilər arasında 60 kq çəki dərəcəsində Orxan Səfərov və İlqar Muşkiyev mübarizə aparacaq. Rəqibləri ilk görüşdə iştirak etmədiklərindən, hər iki idmançı mübarizəyə 1/8 final mərhələsindən qoşulacaq. O.Səfərovun rəqibi Yann Sikkardi (Monako) - Arif Bağırov (Belarus) cütünün qalibi olacaq. İ.Muşkiyev isə Fransisko Qarriqos (İspaniya) - Aron Rahima (İsrail) qarşılaşmasının güclüsü ilə üz-üzə gələcək.

66 kq-da iştirak edəcək idmançılar isə Nicat Şıxəlizadə və Tərlan Kərimov olacaq. Onlar mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar. N.Şıxəlizadə ilk görüşündə türkiyəli Sinan Sandal, T.Kərimov isə Mixail Pulyayevlə qarşılaşacaq.

Qadınların mübarizəsində isə Azərbaycanı Leyla Əliyeva, Ayşə Qurbanlı, Səkinə Zayirova və Kifayət Qasımova təmsil edəcək. 48 kq çəkidə L.Əliyeva 1/16 finalda sloveniyalı Kristina Vrsiçlə, A.Qurbanlı rusiyalı Kristina Rumyantseva ilə görüşəcək. 52 kq-da S.Zayirova israilli Roni Şvarts səddini keçməyə çalışacaq. K.Qasımova isə 57 kq çəkidə serbiyalı Yovana Rogiçlə üz-üzə gələcək.

Qeyd edək ki, iyunun 26-da paralimpiyaçı cüdoçular da mübarizəyə qoşulacaq, iyunun 28-də Azərbaycan, Almaniya, İsrail və Rusiya yığmalarının iştirakı ilə komandalararası yarış təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi