Yuxarı

"Bakı-2015"in rəsmi simvolları təqdim olunub

Ceyran və Nar Bakı-2015in təbliğatında brend rolunda çıxış edəcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün "Bakı-2015" Avropa Oyunları Ceyran və Narı ilk dəfə keçiriləcək idman tədbirinin rəsmi simvolları kimi təqdim edib. "Report"un məlumatına görə, Azərbaycanın təbiətindən və irsindən ruhlanaraq, Ceyran və Nar ölkənin qürurlu tarixini və ümidverici gələcəyini əks etdirir. 

Bu cütlük "Bakı-2015"in təbliğatında brend rolunda çıxış edərək bütün dünyada I Avropa Oyunlarının simvoluna çevriləcək. Gənclər və idman naziri, "Bakı-2015"in baş icraçı direktoru Azad Rəhimov deyib: “Bütün dünyaya Ceyran və Narı təqdim etməyə olduqca şadıq və ümid edirik ki, onlar Avropa Oyunları həyəcanını özlərində əks etdirə biləcəklər. "Bakı-2015"in simvolları kimi onlar Azərbaycanda yeni nəsil idman azarkeşlərini ruhlandıracaq, həyəcanlandıracaq və əyləndirəcəklər. Onlar qarşıdan gələn aylar ərzində şəhərimizdə və ölkə ərazisində son dərəcə aydın şəkildə görünəcəklər".

Ceyran qonaqlara Azərbaycanın zəngin irsinə nəzər salmağı təklif etməklə, Oyunların mədəniyyət elçisi olacaq. Qafqaz dağlarından tutmuş Xəzər dənizinin sahillərinədək Ceyran qonaqlara ölkə boyu bələdçilik edəcək və onlara Azərbaycanın gözəlliklərini nümayiş etdirəcək. Ceyran ölkədə təbii gözəlliyin, zərifliyin və saflığın simvolu və Azərbaycanda qorunan heyvan növlərindən biridir.

Nar günəşi sevən, Göyçay şəhərində bitən meyvədir. Həyat eşqi və enerji ilə aşıb-daşan Nar yeni idman növlərində iştirak etməyi sevir və Avropa Oyunları tədbirinə qoşulacaq. Nar Azərbaycan folklorunda birliyi tərənnüm edir və rəngarəng "Bakı-2015" brendində əks olunaraq artıq şəhərimizdə geniş şəkildə nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi