Yuxarı

"Bakı 2015"də ölümdən dönən idmançı açıqlama verib

Açığı, batacağıma 70 faiz əmin idim. Amma həkimlər sinəmdən basaraq məni xilas etdilər

Bakı. 15 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları çərçivəsində Mingəçevirdə kanoeçilərin 2 nəfərlik qayıqla 1000 metr məsafəyə final yürüşündə rusiyalı Aleksey Korovaşkov - İlya Pervuxin dueti finişə çatdıqdan sonra suya düşüb. "Report"un məlumatına görə, buna idmançıların çıxış etdiyi qayığın çevrilməsi səbəb olub.

Nəticədə Korovaşkov boğulma təhlükəsi ilə üzləşib. Onlar xilasedici qayıqla köməyə yetişənlərin və ilkin tibbi yardım göstərən həkimlərin sayəsində sağ qalıblar. Korovaşkov sonradan olayı Rusiya Olimpiya Komitəsinin rəsmi saytına belə şərh edib: "Biz finişə belaruslu Aleksandr və Andrey Boqdanoviç qardaşları ilə birgə yaxınlaşırdıq. Finişdə qayığı maksimum irəlilədik. Bu an biz arxaya dartıldıq və suya düşdük. Geyim və ayaqqabılarımız dərhal islandı, daş kimi olduq. Gücümüz də qalmamışdı, 1000 metrlik yürüşə sərf etmişdik. Əvvəlcə qayığı tutmağa çalışdım, sonra finişi göstərən kubikə tərəf üzdüm. Amma sürüşkən idilər. Ayaqlarımın suyun dərinliklərinə doğru getməyə başladığını hiss etdikdə ingiliscə "Help, help!" deyə qışqırmağa başladım. Xilasedici qayıq gələnədək olan 3 dəqiqə mənə əbədi bir şey kimi göründü. Açığı, batacağıma 70 faiz əmin idim. Amma həkimlər sinəmdən basaraq məni xilas etdilər. Onlara böyük təşəkkürümü bildirirəm. Hazırda özümü normal hiss edirəm".

Qeyd edək ki, Aleksey Korovaşkov - İlya Pervuxin dueti gümüş medal qazanıb. Həmin yürüşdə iştirak edən Azərbaycan dueti - Sergey Bezuqlıy və Aleksey Kupin 8-ci yerlə kifayətlənib.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi