Yuxarı

"Bakı-2015" daha bir yayım şirkəti ilə müqavilə bağlayıb

Tokio Yayım Sistemi (TBS) Televiziyası Avropa Oyunlarının yayımlanması ilə bağlı müstəsna hüquqlarını təmin edib

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bakı 2015" gələn ilin yayında keçiriləcək I Avropa Oyunlarının Yaponiyada yayımını təmin etmək məqsədilə Tokio Yayım Sistemi (TBS) Televiziyası ilə müqaviləyə imza atıb. "Report"un məlumatına görə, pulsuz yayımlanan kanal bütün daxili, yaxud yerli platformalar üzrə 17 günlük yarışların, o cümlədən açılış və bağlanış mərasimlərinin, yarışların gündəlik parlaq məqamlarından seçilmiş video-materialların yayımlanması ilə bağlı müstəsna hüquqlarını təmin edib.

TBS ümummilli şəbəkəyə, o cümlədən, ölkə üzrə 28 filiala malik kommersiya yayım şirkətidir. Şirkət, həmçinin ümumi proqramlaşdırma peyk kanalı olan BS-TBS və 24 saat xəbər xidməti göstərən NewsBird kanalını, eyni zamanda, ümummilli radio şəbəkəsini idarə edir. TBS 1997-ci ildən Yaponiyada atletika üzrə dünya çempionatının eksklüziv yayım şirkəti, Yay və Qış Olimpiya Oyunlarını, futbol üzrə dünya çempionatını və Asiya Oyunlarını əhatə edən Yaponiya Yayım Şirkətləri Konsorsiumunun üzvüdür. Yayım şirkəti Yaponiyada, eyni zamanda, peşəkar qolf üzrə “The Masters” turnirinin, Peşəkar Qolf Assosiasiyası Çempionatının, Əsas Beysbol Liqasının və voleybol üzrə dünya çempionatının yayım xidmətini göstərir.

Qeyd edək ki, bu, "Bakı 2015" tərəfindən Ərəb Dövlətlərinin Yayım Birliyi ilə bağlanmış sazişdən sonra imzalanan növbəti müqavilədir. Həmin sazişlərə görə, Avropa Oyunları Orta Şərq və Şimali Afrika üzrə 20 ölkədə, eyni zamanda, L’Equipe 21 kanalı vasitəsilə Fransada yayımlanacaq. Bu saziş həm də Asiya yayım şirkəti ilə bağlanmış ilk müqavilədir və I Avropa Oyunlarının dünyanın 5 qitəsində yayımını təmin etmək üçün mühüm addımdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi