Yuxarı

"Bakı-2015" brendi AZAL-ın təyyarələrinə minik talonları üzərində əks olunacaq

Loqo I Avropa Oyunları başa çatanadək 800 000-dən artıq təyyarəyə minik talonunu bəzəyəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının brendi Oyunların Rəsmi Tərəfdaşı olan Azərbaycan Hava Yollarının (AZAL) təyyarəyə minik talonları üzərində əks olunacaq. "Report"un məlumatına görə, "Bakı 2015"in rəngarəng loqosu və idman təsvirləri bu gündən Avropa Oyunlarının başa çatacağı iyunun 28-dək 800 000-dən artıq təyyarəyə minik talonunu bəzəyəcək.

Təyyarəyə minik talonları Heydər Əliyev Beynəlxalq Hava Limanının, eyni zamanda, Naxçıvan və Gəncə Hava Limanlarının həm yerli, həm də beynəlxalq aviareyslər üzrə, o cümlədən, bütün ölkədaxili istiqamətlərə, həmçinin London, Milan, Roma, Pekin və Nyu-York daxil olmaqla, müxtəlif istiqamətlərə beynəlxalq uçuşlarda istifadə olunacaq.

AZAL Bakı 2015 Avropa Oyunlarının Rəsmi Tərəfdaşıdır və beynəlxalq auditoriya arasında Oyunlar barədə məlumatlılığın artırılmasına kömək məqsədilə Avropa Oyunlarına dair informasiyanı təyyarənin göyərtəsində nümayiş etdirilən filmlərdə və jurnallarda əks etdirəcək. Sazişə görə, həmçinin, gələn ilin yay mövsümündə Bakıya gələcək qonaqlar üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Avropa Oyunlarının loqosu, brendi və Oyunlar haqqında məlumatlar mövcud olacaq. Hər il 1.7 milyon sərnişin daşıyan və dünyanın 38 ölkəsinə uçuşlar həyata keçirən şirkət Avropa Oyunları ilə əlaqədar gələn il Bakıya gündəlik uçuşlarının sayını artıracaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi