​"Bakı 2015" və AzTV arasında əməkdaşlıq müqaviləsi imzalanıb

​"Bakı 2015" və AzTV arasında əməkdaşlıq müqaviləsi imzalanıb Anlaşmaya Azad Rəhimovla Arif Alışanov imza atıb
Avropa Oyunları
11 Mart , 2015 17:01
​Bakı 2015 və AzTV arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı. 11 mart. REPORT.AZ/ Bu gün "Fairmont" otelində "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsi ilə Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti (AzTV) arasında saziş imzalanıb. "Report"un məlumatına görə, sazişə əsasən, AzTV Oyunların Azərbaycanda yayımını təmin edəcək.

Tədbirdə gənclər və idman naziri və "Bakı 2015"in baş icraçı direktoru Azad Rəhimov, AzTV-nin sədri Arif Alışanov və "Bakı 2015"in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleqq iştirak edib.

İlk olaraq "Bakı 2015"lə bağlı tanıtım videoroliki nümayiş etdirilib.

Ardından çıxış edən A.Rəhimov Oyunların ölkənin idman tarixində yeni bir tarixə imza atacağını bildirib: "Bu Oyunların yayımında AzTV-nin xüsusi rolu olacaq. "Bakı 2015" AzTV və "İdman Azərbaycan" vasitəsilə bütün Respublikada yayımlanacaq. Ümumilikdə bu oyunları 1 milyarddan artıq insan izləyəcək. Açılış və Bağlanış mərasimləri, eləcə də alov estafetinin bütün ölkədən keçməsi, eləcə də 17 gün boyunca keçiriləcək yarışlar AzTV vasitəsilə tamaşaçılara təqdim olunacaq". 

Nazir məhz AzTV ilə müqavilənin imzalanmasını bu cür izah edib: ""İdman Azərbaycan" AzTV-nin tərkib hissəsi olaraq 24 saat idman yarışlarını tamaşaçılara göstərəcək. Qərar ona əsaslanır ki, AzTV bütün Azərbaycanı əhatə edir və bütün verilişlər canlı veriləcək". 

A.Alışanov isə Avropa Oyunları kimi mühüm idman tədbirinin AzTV vasitəsilə yayımlanmasını şərəf saydıqlarını bildirib. Onun sözlərinə görə, Oyunları yayımlamaqda onilliklərlə yığdıqları təcrübənin də köməyi dəyəcək: "Reportajlar, müsahibələr və xəbərlər AzTV və İdman Azərbaycan vasitəsilə yayımlanacaq. AzTV-də heç bir texniki problem yoxdur. Telekanalımız yalnız boks və güləş yarışlarını çəkəcək. Digər yarışlar isə Avropa Olimpiya Komitəsi tərəfindən çəkiləcək. AzTV 1990-cı illərin əvvəllərindən bütün olimpiadaları tamaşaçılara təqdim edir və bizim bu sahədə təcrübəmiz var. Hazırda "İdman Azərbaycan" 14 saat fəaliyyət göstərilir, amma yarışlar müddətində efir vaxtı 24 saat olacaq. Özəl kanallarda yayım ötürücülərinin sayı 30 - 40-dırsa, AzTV-də bu, 230-u ötüb. Heç bir yarış üst-üstə düşməyəcək və bütün yarışlar tamaşaçılara təqdim olunacaq".

Qeyd edək ki, bu sazişin bağlanması ilə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi ABŞ, Çin və ərəb ölkələri də daxil olmaqla, dünyanın 54 ölkəsində Oyunların yayımını təmin edəcək sazişlərin bağlandığını elan edib. 

Son xəbərlər

Orphus sistemi