Yuxarı

​“Bakı-2015” Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb

İdman obyektləri ətrafında yaşayanlar üçün xüsusi Parkinq İcazələri veriləcək

Bakı. 24 aprel. REPORT.AZ/ “Bakı-2015” Avropa Oyunları zamanı xüsusi parklanma qaydaları açıqlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) "Report"a verilən məlumata görə, qurumun Şəhər təsərrüfatı şöbəsinin müdiri Xalid Ələkbərov bildirib ki, Avropa Oyunlarının keçirildiyi müddətdə idman obyektlərinin ətrafında yaşayan sakinlər üçün xüsusi Parkinq İcazələri veriləcək:

“İdman obyektlərinin ətrafında Parkinq Nəzarət Zonaları mövcud olacaqdır ki, bu zonalarda parkinq məhdudlaşdırılacaq. Yalnız bu zonalara daxil olan ərazidə yaşayan sakinlərə xüsusi Parkinq İcazələri veriləcək. Digər sürücülər öz nəqliyyat vasitəsi ilə həmin ərazidə sərbəst şəkildə hərəkət edə bilər, lakin nəqliyyat vasitəsini parklaya bilməz. Həmin ərazilərdə yaşayan sakinlər nəqliyyat vasitələrini müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş Parkinq İcazələri olduqda, Parkinqə Nəzarət Zonalarına daxil olan ictimai yollarda qanunla parkinqə icazə verilən yollarda saxlaya bilərlər. Burada əsas məqsəd idman obyektlərinə yaxın ərazilərdə yaşayan sakinlərin Avropa Oyunları zamanı rahatlığını təmin etməkdir.

Bu Parkinqə Nəzarət Zonalarında Parkinq İcazəsi olmayan nəqliyyat vasitələri park edilərsə, evakuatorlar vasitəsilə təxliyyə olunacaq və müvafiq qaydada cərimə ediləcək. Bundan əlavə, hər bir idman obyekti üçün veriləcək Parkinq İcazələri üzərində yalnız həmin idman obyektinə şamil edilən kod (rəqəm) ilə fərqləndiriləcək. Məsələn, hər hansı sakinə verilən Parkinq İcazəsi onun yaşadığı ərazidə mövcud idman obyektinə aiddirsə, həmin icazə ona avtomobilini digər idman obyektinin yanında parklamaya icazə vermir”.

O deyib ki, sakinlər Parkinq İcazələrini müvafiq sənədləri təqdim etməklə yaşadığı ərazi üzrə Mənzil-İstismar Sahələrindən əldə bilərlər.

“İcazələr may ayının 15-dən sonra veriləcək və bu icazələr avtomobillərin ön şüşəsinə yapışdırılmalıdır. Vəsiqə itdikdə və ya yararsız hala düşdükdə, yenisi ilə əvəz olunmur. Sakinlərdən Parkinq İcazələrinə ehtiyac olub-olmadığını bilmək üçün hər bir idman obyekti üzrə müvafiq küçələr qeyd olunan xəritələri yoxlamaları və yalnız icazə almalarına ehtiyac olduğu zaman, müraciət etmələri xahiş olunur. Bundan əlavə, qeydiyyatdan keçməyən sakinlər Parkinq İcazəsinə ehtiyac varsa, müvafiq qaydada sənədlərini təqdim etməklə Mənzil İstismar İdarələrinə müraciət edə bilərlər”, - deyə o bildirib.

X. Ələkbərov əlavə edib ki, həmin ərazilərdə yerləşən dövlət qurumları və şirkətlərdə çalışan şəxslərə Parkinq İcazələri verilməyəcək:

“Əgər həmin qurum və şirkətlərin parkinq ərazisi varsa, ondan istifadə edə bilərlər, əgər yoxdursa, tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə etsinlər”.

Şöbə müdiri deyib ki, Avropa Oyunları zamanı Bakıda şəxsi avtomobillərini idarə etmək üçün heç bir buraxılışa ehtiyac yoxdur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi