Yuxarı

​Azərbaycan güləş yığması Avropa Oyunlarına Xaçmazda hazırlaşır

Toplanışa 30-a yaxın güləşçi cəlb olunub

Bakı. 12 may. REPORT.AZ/ Yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri I Avropa Oyunlarına hazırlığı Xaçmaz Olimpiya İdman Kompleksində davam etdirir. 

Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərlik etdiyi toplanışa ümumilikdə 30-a yaxın güləşçi cəlb olunub.

Bununla yanaşı, məşqlərin səmərəsini artırmaq üçün üç gürcü pəhləvan da təlimlərə cəlb olunub. 

Toplanış barədə danışan N.Rəcəbov I Avropa Oyunlarına bir ay qalmış fiziki təlimləri azaltdıqlarını və əsasən döşək üzərində fərdi məşqlərin keçirildiyini bildirib. Onun sözlərinə görə, fevralda Dünya Kubokunu qazandığından milli üzvləri ilk Avropa Oyunlarına da çox iddialı qatılacaqlar. N.Rəcəbov idmançıların hazırlığını yüksək qiymətləndirib. O qeyd edib ki, güləşçilər Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa iddialıdırlar.

Yığmanın üzvü Elvin Mürsəliyev də "Bakı 2015"ə hazırlığın yüksək səviyyədə keçdiyini bildirib. O, qarşıdakı yarışa çox ciddi hazırlaşdıqlarını söyləyib: "Doğma meydanda azarkeşlərimiz qarşısında çıxış etmək bizə əlavə güc verəcək. Ümidləri doğruldub birinci olmağa çalışacağıq. Oyunların Bakıda təşkili bu ölkənin vətəndaşı kimi məni də çox qürurlandırır”.

Qeyd edək ki, I Avropa Oyunlarında güləş yarışları iyunun 13-də start götürəcək və 6 gün davam edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi