Yuxarı

​Azərbaycanın qadın güləşçiləri "Bakı 2015"ə Monqolustan pəhləvanları ilə birgə hazırlaşır

Təlim-məşq toplanışına 20-yə yaxın güləşçi cəlb olunub

Bakı. 29 may. REPORT.AZ/ Qadın güləşi üzrə gənclərdən və böyüklərdən ibarət Azərbaycan yığma komandası "Bakı 2015" I Avropa Oyunlarına hazırlığı Olimpiya Güləş Mərkəzində davam etdirir. "Report"un Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, yığma komandanın baş məşqçisi Semyon Çterev, böyük məşqçi Konstantin Konorev və məşqçi Arif Fərmanov, gənc qızlardan ibarət yığma komandanın böyük məşqçisi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında təlim-məşq toplanışına 20-yə yaxın güləşçi cəlb olunub.

Mayın 25-dən başlayan təlim-məşq toplanışında Monqolustan güləşçiləri də iştirak edir. S.Çterev bunun Azərbaycan güləşçilərinin təcrübələrini artırmaq üçün böyük fürsət olduğunu deyib. O, yığmanın hazırlıqların son mərhələsində olduğunu bildirib: "2 həftə sonra tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarında iştirak edəcəyik. Komandada əhvali-ruhiyyə yüksəkdir. Oyunlarda yüksək əzmkarlıqla mübarizə aparıb, qələbələr qazanmaq və azarkeşlərimizi sevindirmək istəyirik".

Qeyd edək ki, “Bakı-2015”in proqramına hər 3 güləş növü üzrə yarışlar daxil edilib. Heydər Əliyev adına İdman Sarayında baş tutacaq yarışlar 13 - 18 iyunda keçiriləcək və ümumilikdə 24 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi