Azərbaycan karateçisi "Bakı 2015"də finala vəsiqə qazanıb - YENİLƏNİB

Azərbaycan karateçisi "Bakı 2015"də finala vəsiqə qazanıb - YENİLƏNİB Rafael Ağayevin həlledici qarşılaşmada rəqibi italiyalı Luigi Busa olacaq
Avropa Oyunları
13 İyun , 2015 17:18
Azərbaycan karateçisi Bakı 2015də finala vəsiqə qazanıb - YENİLƏNİB

Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı karate üzrə 70 kq çəkidə təmsil edən Rafael Ağayev finala vəsiqə qazanıb. "Report"un məlumatına görə, yarımfinalda Ağayevin rəqibi almaniyalı Noah Bitş olub. 

O, 1:0 hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Azərbaycan karateçisinin rəqibi italiyalı Luigi Busa olacaq. 

Bürünc medal uğrunda isə Türkiyə idmançısı Erman Eltemur və almaniyalı Noah Bitş mübarizə aparacaq.

İlk xəbər 15:06-da yayımlanıb. 

Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında mübarizəyə başlayan Azərbaycan karateçilərindən 4-ü yarımfinala yüksəlib. "Report"un məlumatına görə, kumite döyüşlərində finala vəsiqə uğrunda Firdovsi Fərzəliyev (60 kq), Niyazi Əliyev (67 kq), Rafael Ağayev (75 kq) və İlahə Qasımova (55 kq) yarışacaq.

Fərzəliyev qrup mərhələsində ardıcıl olaraq ispaniyalı Matias Qomes Qarsiyanı 2:0, italiyalı Luka Mareskanı 4:2 və albaniyalı Halil Marqeşini 6:0 hesabı ilə məğlub edərək 6 xalla qrup lideri kimi yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi makedoniyalı Emil Pavlov olacaq. Görüş bu gün saat 15:58-də başlanacaq.

Əliyev qrup mərhələsində ardıcıl olaraq gürcüstanlı İrakli Tkebuçavanı 2:0, fransalı Stiven Da Kostanı 3:1 və ispaniyalı Manuel Razero Ruisi 2:0 hesabı ilə məğlub edərək qrup qalibi olub. Saat 16:12-də başlanacaq yarımfinal görüşündə onun rəqibi türkiyəli Burak Uyqur olacaq.

Ağayev ilk görüşündə ukraynalı İlya Nikulini 3:0 hesabı ilə məğlub etsə də, növbəti qarşılaşmasında türkiyəli Erman Eltemura uduzub - 3:5. Amma qrupdakı son görüşündə latviyalı Ruslan Sadıkovu 3:1 hesabı ilə məğlub edən Ağayev yarımfinala çıxıb. Finala gedən yolda onun rəqibi almaniyalı Noah Bitş olacaq.

Qasımova da qadınların mübarizəsində yarımfinala vəsiqə qazanıb. O, lüksemburqlu Cenni Varlinqi 4:0, türkiyəli Tuba Yakanı 1:0 hesabı ilə məğlub etsə də, xorvatiyalı Yelena Kovaçeviçə 0:1 hesabı ilə uduzaraq 4 xalla qrup ikincisi olub. Yarımfinalda onun rəqibi fransalı Emili Tuy olacaq. Görüş saat 15:44-də başlayacaq.

Qadınlar arasında kumite yarışında 60 kq-da mübarizə aparan Nuranə Əliyevə yer aldığı A qrupunu sonuncu başa vurub. O, avstriyalı Bettina Blankaya 0:1, Türkiyə idmançısı Serap Özçelikə 0:6 və xorvatiyalı Monika Beruleçə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

61 kq çəki dərəcəsində mübarizəyə qoşulan Fəridə Abıyeva da uğursuzluqla üzləşib. O, Slovakiya idmançısı İnqrida Suçankova ilə görüşdən sülhlə ayrılıb - 2:2. Amma sonrakı görüşlərində o, xorvatiyalı Ana Lenarda 0:6, türkiyəli Merve Çobana 1:2 hesabı ilə uduzaraq qrupda sonuncu olub və növbəti mərhələyə yüksələ bilməyib.

Son xəbərlər

Orphus sistemi