Azad Rəhimov: "Avropa Oyunlarından Azərbaycana böyük irs qalacaq"

Azad Rəhimov: "Avropa Oyunlarından Azərbaycana böyük irs qalacaq" Bu Oyunlar gənclərin ziyanlı vərdişlərdən uzaqlaşması üçün bir vasitədir
Avropa Oyunları
6 Fevral , 2015 16:03
Azad Rəhimov: Avropa Oyunlarından Azərbaycana böyük irs qalacaq

Bakı. 6 fevral. REPORT.AZ/ Avropa Olimpiya Komitələri Koordinasiya Komissiyasının I Avropa Oyunları ilə əlaqədar Bakı səfərinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. 

"Report"un məlumatına görə, Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki çıxışında göstərilən yüksək qonaqpərvərliyə görə ölkə rəhbərliyinə və Oyunların Təşkilat Komitəsinə minnətdarlıq edib.

İrlandiyalı funksioner xatırladıb ki, bu yaxınlarda Davosda Avropa Oyunları yüksək səviyyədə təqdim edilib: "Son illər ərzində qardaşlaşmışıq. Çünki çox yaxından işləyirik". 

O, idman obyektlərindən, gördüklərindən çox razı qaldıqlarını və artıq yekun mərhələnin başlandığını bildirib. 

P.Hikkinin sözlərinə görə, Avropa Oyunlarına qalan müddətdə daha kiçik həcmli qruplar müəyyən detalları nəzərdən qaçırmamaq üçün Bakıya səfər edəcəklər: "Reallıq gözlədiyimdən də yüksək səviyyədədir. Əvvəlcədən Oyunları 10 növ üzrə keçirməyi nəzərdə tutmuşduq. Bu say 20-yə yüksəldi, daha 6 növdən də istək gəldi. Bu, ilk Avropa Oyunlarıdır. Biz bütün tədbirlərə pioner olaraq yol açırıq".

Artıq EOC-a üzv ölkələrin sayının 50-yə yüksəldiyini xatırladan qurumun prezidenti onların hamısının Avropa Oyunlarında iştirak edəcəyini bildirib. O, dövlətlərarası münasibətlərin Oyunlar zamanı özünü büruzə verəcəyinə inanmadığını əlavə edib: "Bizim 50 milli olimpiya komitəsi üzvümüz var. Onların heç biri kənarda qalmayacaq. Heç kimin buna şübhəsi olmasın. Bir neçə gün öncə Avstriya və Lixtenşteyndə Gənclərin Qış Olimpiya Festivalını keçirdik. Orada da heç bir ölkənin idmançıları arasında problem olmadı".

P.Hikki Avropa Oyunlarının yeni idman növləri üçün təkan olacağını da vurğulayıb. O, xüsusilə basketbolun 3X3 növünün Beynəlxalq Olimpiya Komitəsinin çoxdan gündəmində olduğunu bildirib.

Koordinasiya Komissiyasının sədri Spiros Kapralos da ötən səfərlərindən indiyədək əldə olunmuş irəliləyişləri təqdirəlayiq hal kimi dəyərləndirib: "Burada olduğumuz vaxt Olimpiya Parkı, Bakı İdman Arenası, Bakı Atıcılıq Mərkəzi, Dağ Velosipedi Parkına səfər etdik, çox gözəl təəssüratlarla ayrıldıq. Nəqliyyat şəbəkəsi ölkənin davamlı inkişafı baxımından çox vacibdir. Uniforma və Akreditə Mərkəzində gördüklərimiz çox müsbət idi".

Bundan sonra sınaq tədbirlərinə diqqət yönəldəcəklərini söyləyən S.Kapralos Azərbaycanın Avropa Oyunlarını çox əla səviyyədə keçirəcəyinə şübhə etmədiyini bildirib: "Bu Oyunlar böyük uğur tarixçəsi olacaq. Biz çox müstəsna irəliləyiş gördük. Tam əminik ki, Avropa Oyunlarında böyük irəliləyişə nail olacağıq. Amma gərək ehtiyatla davranaq və hər detalı müfəssəl yoxlayaq. Ona görə də mən öncədən demişdim ki, öz öhdəliklərimizi bağlanış mərasiminin ardından sonuncu qonaq Azərbaycanı tərk edənədək davam etdirəcəyik".

Gənclər və idman naziri, "Bakı-2015"in Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov isə bildirib ki, iki gün ərzində V Koordinasiya Komitəsinin iclasları nəticəsində görülmüş bütün işlər çox yüksək qiymətləndirilib. Onun fikrincə, P.Hikki və S.Kapralosun təcrübəsi çox vacib idi: "Onların məsləhəti olmadan belə tədbiri keçirə bilməzdik. Qısa müddətdə görülmüş işlər idman sahəsindəki mütəxəssisləri təəccübləndirir. Rekord müddət ərzində işlər aparıldı. Həmin gözəl günə cəmi 4 ay vaxtımız qalıb. Dövlətin və prezidentin siyasətini uğurla həyata keçirmək bizim borcumuzdur. Belə möhtəşəm yarışları qəbul etməyə imkanımız və bacarığımız var".

A.Rəhimovun sözlərinə görə, Avropa Oyunlarından Azərbaycana böyük irs qalacaq: "Yeni küçələr, parklar salınıb, idman qurğuları tikilib, abadlaşma işləri aparılıb. Ən əsası, könüllülər, gənclərin qazandığı təcrübədir. Əvvəldən də qeyd etmişdik ki, Oyunları təşkil etmək üçün böyük ehtiras var. Eyni zamanda, təkcə idman üzrə deyil, digər sahələrdə də bir çox beynəlxalq tədbirlər təcrübəsi əldə etmişik. Biz bacardığımızı göstərmək istəyirik. Belə tədbirlərə resurs, iradə baxımından gəncləri səfərbər etməyə hazırıq. Azərbaycan mədəniyyəti, ənənələri, irsini, Qafqaz qonaqpərvərliyini dünyaya nümayiş etdirmək istəyirik. Belə böyük tədbirlər şəhərin simasını dəyişir. Belə tədbirlərdə yeni innovativ fikirlər formalaşır. Ölkə əhalisinin 68 faizi gəncdir. Bu Oyunlar onların ziyanlı vərdişlərdən uzaqlaşması üçün bir vasitədir. Triatlon, badminton, stolüstü tennis üzrə ilk dəfə böyük yarış keçirəcəyik". 

Son xəbərlər

Orphus sistemi