Azad Rəhimov: "Almaniya və Böyük Britaniya ilə birgə Azərbaycanın da ilk dördlükdə olması sevindirici haldır"

Azad Rəhimov: "Almaniya və Böyük Britaniya ilə birgə Azərbaycanın da ilk dördlükdə olması sevindirici haldır" "Qılıncoynadanlarımızın 2 medal qazanmaları böyük nailiyyət oldu"
Avropa Oyunları
26 İyun , 2015 12:05
Azad Rəhimov: Almaniya və Böyük Britaniya ilə birgə Azərbaycanın da ilk dördlükdə olması sevindirici haldır

Bakı. 26 iyun. REPORT.AZ/ "Bu günlər maraqlı və gərgin keçir. Azərbaycan yığma komandası zəfər günləri yaşayır. Gözlənilməyən fakt odur ki, ölkəmiz 12 gün müddətində 2-ci yerdə qalıb. Almaniya, Böyük Britaniya ilə birgə ilk dördlükdə bizim də olmağımız sevindirici haldır". "Report" xəbər verir ki, bunu "Bakı Avropa Oyunlarının Əməliyyat Komitəsinin (BEGOC) baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir ötən gün Azərbaycan idmançılarının boks, cüdo və qılıncoynatma növlərində 1 qızıl, 2 gümüş, 3 bürünc medal qazandıqlarını xatırladaraq, medalların sayındakı artıma diqqət çəkib: "Sözsüz ki, ənənəvi növlərdə yüksək nailiyyətlər gözləniləndir, amma qılıncoynadanlarımızın 2 medal qazanmaları böyük nailiyyət oldu. Bu növdə qızıl medal olmasa da, 1 gümüş, 1 bürünc medal sevindiricidir. İndiyədək qılıncoynatmada belə nailiyyət olmamışdı. Ənənəvi olmayan idman növlərində qələbə qazanmağımız sevindiricidir. Bu da gələcəkdə onların daha böyük uğur qazanmalarına şərait yaradacaq".

A.Rəhimov tamaşaçı marağının da qürurverici olduğunu bildirib. Onun sözlərinə görə, yarışların keçirildiyi arenaların orta hesabla 70-80 faizi dolur: "İnsanlar bilet alaraq, yarışları izləyirlər. Bu da yeni mədəniyyətin formalaşması deməkdir".

"Avropa Oyunlarının keçirilməsində məqsəd Azərbaycanın dünyaya tanıdılması idi" - deyən nazir tanıtımın teleyayım vasitəsilə həyata keçirildiyini vurğulayıb. O qeyd edib ki, Oyunlar 61 telekanal vasitəsilə dünyanın 145 ölkəsinə yayımlanıb və 824 milyonadək insanın evində izlənilib. Açılış Mərasimi isə 120 ölkədə canlı yayımlanıb: "Almaniyanın pulsuz dövlət kanalında 125 saatlıq yayım verilib. İtaliyada xüsusi veriliş hazırlanmışdı. Təxmini müqayisə etsək, izlənilmə sayı 2014-cü il Soçi Qış Olimpiya Oyunlarına bərabər idi".

A.Rəhimov indiyədək 40 ölkənin müxtəlif əyarlı medallara sahib çıxdığını, qızıl medalı 25 ölkənin qazandığını, 253 dəst medaldan 194 dəstinin sahibini tapdığını xatırladıb. O, üzgüçülük növündə rusiyalı Mariya Astaşkinanın dünya rekordu vurmasının da Avropa Oyunları ilə bağlı sevindirici məqam olduğunu diqqətə çatdırıb.

Son xəbərlər

Orphus sistemi