Yuxarı

Azərbaycanın birinci xanımı Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olub

Mehriban Əliyevaya məlumat verilib ki, tikinti işlərinin böyük hissəsi başa çatdırılıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Azərbaycanın birinci xanımı, “Bakı-2015” Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakı Olimpiya Stadionunda həyata keçirilən işlərin gedişi ilə tanış olub. Report-un xəbərinə görə, Mehriban Əliyevaya məlumat verilib ki, 2011-ci ilin iyununda təməli qoyulan stadionun inşası sürətlə davam etdirilir və tikinti işlərinin böyük hissəsi başa çatdırılıb.

Daha sonra Azərbaycanın birinci xanımına Bakı Olimpiya Stadionunun interyerində həyata keçirilən və görüləcək işlərlə bağlı məlumat verilib. Təşkilat Komitəsinin sədri interyerdə istifadə olunacaq tikinti materialları və mebel avadanlığı ilə bağlı tövsiyələrini verdi.

Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı yerinə malik Bakı Olimpiya Stadionu bu tipli idman qurğuları sırasında özünəməxsus yer tutacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılır. Təxminən 50 hektar ərazidə tikilən stadion 62 metr hündürlüyündə, 6 mərtəbədən ibarət olacaq. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VVIP, VİP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3103 yerlik avtomobil parkı inşa edilir.

Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi