​Avropa Olimpiya Komitəsinin prezidenti: "Ermənistan bir komanda kimi Bakı-2015 Oyunlarına qatılacaq"

​Avropa Olimpiya Komitəsinin prezidenti: "Ermənistan bir komanda kimi Bakı-2015 Oyunlarına qatılacaq" "Hazırda fantastik iş görülür və əminəm ki, bu Oyunlar böyük tarixi iz buraxacaq"
Avropa Oyunları
22 Noyabr , 2014 14:34
​Avropa Olimpiya Komitəsinin prezidenti: Ermənistan bir komanda kimi Bakı-2015 Oyunlarına qatılacaq

Bakı. 22 noyabr. REPORT.AZ/ Avropa Olimpiya Komitəsinin (EOC) Bakıda keçirilən Baş Assambleyasının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. “Report”un məlumatına görə, tədbirdə EOC prezidenti Patrik Hikki Azərbaycanın çox nümunəvi təşkilatçılqla seçildiyini bildirib.

O bildirib ki, Baş Assambleya müddətində bütün iştirakçılar üçün əla şərait yaradılıb. İki gün davam etmiş toplantıda açıq şəkildə müzakirələr aparılıb. Hikkinin sözlərinə görə, iclasda Bakı-2015 I Avropa Oyunları da diqqət mərkəzində olub. Bununla bağlı müfəssəl təqdimat keçirilib: “Bir çox olimpiya şəhərlərinə 7 illik müddət verilib. Amma BEGOC 2 il ərzində xeyli iş görüb və görülmüş işlər təqdirəlayiqdir. Hələ 2007-ci ildə İspaniyanın Valensiya şəhərində Avropa Oyunları ideyası irəli sürülərkən, bilirdik ki, Bakıdan yaxşı namizəd tapmaq çətindir. Bu qənaətimdə yanılmadım. Hazırda fantastik iş görülür və əminəm ki, bu Oyunlar böyük tarixi iz buraxacaq. Çoxlu sayda könüllü, ekspertlərlə, peşəkarlarla işləyirlər. Bu da şəhərinizin böyük idman irsi buraxacağından xəbər verir. Biz çox böyük xərc tələb edən işlərin görülməsini istəmirik. İlk Oyunlar mütərəqqi olacaqlar. Açılışda İOC prezidenti Tomas Bax öz komandası ilə birgə iştirak edəcək”.

Hikkinin fikrincə, Avropa Oyunlarının nüfuzunu qaldırmağa ehtiyac yoxdur: “Avropa Oyunları Olimpiya Oyunlarının dublikatı deyil. Əslində ilk oyunları eksperiment kimi nəzərdə tutmuşduq. Amma gözlənilənlərin əksinə 8-10 deyil, 20 növ üzrə müraciət oldu. Hətta əlavə 5-6 növ də Avropa Oyunlarında təmsil olunmaq istəyirdi. Onları siyahıya yerləşdirə bilməyəcəyimizi dedik. Bu Oyunlar olimpiadaya lisenziya qazanmaq baxımından da əhəmiyyətli olacaq. Məsələn, cüdo növündə elə sistem qurulub ki, lisenziya qazanmaq xeyli baha başa gəlir. Bunun üçün xeyli yarışda iştirak edərək reytinq xalları toplamaq lazım olur. Avropa Oyunlarında isə idmançılar bir yarışa gəlməklə, lisenziya əldə edə biləcəklər. 2008-ci il Pekin Yay Olimpiya Oyunlarınadək medalların böyük hissəsini, demək olar ki, 70 faizini Avropa idmançıları qazanırdı. Həmin olimpiadadan sonra isə medalları az qazandıq. Yəni qitəmiz olimpiadalarda öz reputasiyasını itirməkdədir. Bu baxımdan Avropa Oyunları olimpiadalarda nüfuzumuzu qaldırmaq üçün böyük rol oynayacaq. Bu işdə bizə ayrı-ayrı ölkələrin milli olimpiya komitələrindən böyük dəstək gəlir”.

EOC prezidenti onu da deyib ki, Avropa Oyunları Olimpiada keçirmək istəyən şəhərə bir tramplin ola bilər. Əminəm ki, bu şəhər olimpiadalara namizədliyini verərkən çox yaxşı mövqedə olacaq. Avropa Oyunlarını keçirən şəhər Yay Olimpiya Oyunlarını təşkil etməyə çox böyük namizəd olur. Çünki artıq infrastruktur, təcrübə var”.

EOC prezidenti Ermənistanın da quruma üzv olan digər 48 ölkə kimi I Avropa Oyunlarına qatılacağını vurğulayıb: “Ermənistan Olimpiya Komitəsinin Baş Assambleyada 2 nümayəndəsi iştirak edirdi. Onlar da təsdiqlədilər ki, Oyunlarda iştirak edəcəklər. Eyni zamanda iclasdan çox məmnun olduqlarını da bildirdilər. Ermənistan bir komanda kimi Oyunlara qatılacaq. Ümid edirəm ki, digər nümayəndələr kimi Bakıda xoş qarşılanacaqlar”.

II Avropa Oyunlarına gəldikdə, P.Hikki bildirib ki, hazırda 6 şəhərlə danışıqlar aparılır: “Oyunlar 2019-cu ildə keçiriləcək. Biz 8 il əvvəl bu ideyanı düşünəndə demişdik ki, innovativ olmalı, Olimpiya Oyunları formatını tətbiq etməməliyik. Avropa Oyunlarını daha çox maraqlı olan ölkələrdə keçirməyi düşünürük”.

Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi