Yuxarı

AOK Koordinasiya Komissiyasının sədri: "Azərbaycanda idman inkişaf edir"

Birinci Avropa Oyunları sübut etdi ki, Azərbaycan geniş idman tədbirlərini yüksək səviyyədə təşkil etməyə qadirdir

Bakı. 25 iyun. REPORT.AZ/ "Report" İnformasiya Agentliyi Avropa Olimpiya Komitəsinin (AOK) Koordinasiya Komissiyasının sədri Spiros Kapralos ilə müsahibəni təqdim edir:

- Birinci Avropa Oyunlarının Azərbaycanda təşkil olunmasını necə dəyərləndirirsiniz? Onu da qeyd edək ki, ölkənin bu tədbirə hazırlıqları həyata keçirmək üçün sadəcə 2 il vaxtı var idi. 

- Düşünürəm ki, bu günə qədər izlədiklərimiz dünya reytinqinə uyğun idman yarışları səviyyəsində təşkil olunub. Biz Oyunların yüksək səviyyədə təşkil olunmasının şahidi olduq və yüksək səviyyəli idmançıların iştirakı ilə keçən yarışlar ekran arxasından Oyunlara dəstək olan azarkeşlər üçün möhtəşəm tamaşaya çevrildi. Bu Oyunlar çoxlu yeniliklərlə zəngindir, proqramda yeni idman növləri yer alıb və müxtəlif oyun növləri üzrə isə yeni qaydalar tətbiq olunur ki, bu da idmanın inkişaf etdirilməsi üçün gözəl ideyaların meydana çıxmasına zəmin yaradır. Bundan başqa, onu da qeyd etmək istərdim ki, çoxlu sayda olan bu idman növlərinin Olimpiya Oyunlarına vəsiqə qazandırması əhəmiyyətli bir addımdır. Bir çox idmançılar birbaşa olaraq Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb. Yeniliklərdən biri də məhz küçədə təşkil olunmuş atletika yarışları oldu. Tamaşaçılar şüvüllə tullanma və hündürlüyə tullanma kimi maraqlı idman növlərini izləmə şansı əldə etdilər. Düşünürəm ki, yeni sistemdə təqdim olunan mətbuat konfransları kütləvi informasiya vasitələrinin ürəyincədir. Avropalı qonaqlar TX sistemindən məmnundurlar, çünki bu sistem sayəsində müxtəlif oyun məkanlarına rahat bir şəkildə getmək mümkündür.

- Yerli və xarici media tərəfindən Oyunların işıqlandırılmasını necə qiymətləndirirsiniz?

- Media tərəfindən, xüsusilə xarici KİV-lər tərəfindən Oyunların işıqlandırılması işindən məmnunuq. I Avropa Oyunları dünyanın 145 ölkəsində yayımlanır. Buraya təkcə Avropa ölkələri deyil, Avropa Oyunlarına maraq göstərən bir çox dünya ölkələri də daxildir. Buna görə də Oyunların yüksək səviyyədə təşkil olunduğundan əminik. Bundan başqa, biz yerli Azərbaycan mediasının işindən də çox məmnunuq. Çünki onlar Oyunları xırda təfərrüatlarına qədər tam şəkildə işıqlandırır, xüsusilə də təbii ki, Azərbaycan idmançılarının uğurlarını auditoriyaya çatdırır. Öz növbəsində, bu da insanlarda maraq oyadaraq bilet alıb yarışları izləməyə təkan verir. Demək olar ki, bütün yarışlar üçün biletlər satılıb. Oyunların son günlərinə bilet tapmaq mümkün deyil. Bu da medianın öz işinin uğurla yerinə yetirdiyinin göstəricisidir. Onlar həm də Azərbaycan xalqının Oyunların məhz burada keçirilməsindən duyduqları qürur və məmnunluq hissini işıqlandırırlar.

- Azərbaycanın məqsədi Olimpiya Oyunlarını təşkil etməkdir. Sizcə, Birinci Avropa Oyunları ölkənin bu hədəfə çatmasına köməklik göstərəcəkmi?

- Birinci Avropa Oyunları sübut etdi ki, Azərbaycan geniş idman tədbirlərini yüksək səviyyədə təşkil etməyə qadirdir. Azərbaycan təkcə lazım olan infastruktura deyil, əsaslı tədbirlərin təşkil olunması üçün vacib olan əməliyyatların idarə edilməsi və təşkilatçılıq imkanlarına da malikdir. Düşünürəm ki, Avropa Oyunlarının təşkili Olimpiya Oyunlarının keçirilməsi üçün atılan mühüm uğurlu addımdır.

- Yarışlar hansı intensivliklə gedir?

- Oyunlar  standartlara uyğun şəkildə davam edir. Təkcə lisenziya qazanmaq üçün deyil, həm də Birinci Avropa Oyunlarının tarixində çempion kimi qalmaq üçün müxtəlif ölkələrdən olan bütün idmançılar medal qazanmağa can atırlar. Gözləmədiyimiz yüksək standartların şahidi olduq. Burada keçirilən velosiped yarışının qalibi "Tour de France"ın 4 mərhələsinin qalibi idi. Sözsüz ki, Bakı yollarında bu kimi yüksək səviyyəli idmançıları görmək qürur hissi doğurur. London Olimpiya Oyunlarının qalibi də burada keçirilən triatlon yarışlarında mübarizə aparırdı. Çoxlu sayda Olimpiya və dünya mükafatçıları Avropa Oyunlarında mübarizə aparıb medal qazanmağa cəhd göstərirdilər.

Oyunları izləyirsinizmi? Ən çox bəyəndiyiniz yarış hansı oldu?

- Mən demək olar ki, hamısını bəyəndim. Oyunlar mənə karate kimi heç tanış olmadığım idman növlərini izləməyə şərait yaratdı. Ancaq bunu deyə bilərəm ki, Oyunlar yüksək səviyyədə idi.

- Oyunların gələcəyi barədə nə düşünürsünüz?

- Fikrimcə, Birinci Avropa Oyunlarının uğuru 2019 və 2023-cü illərdə Oyunlara ev sahibliyi etməyə böyük maraq yaradacaq. Biz əminik ki, gələcək Oyunlarımızın da bu cür yaxşı təşkilatçıları olacaq. Biz digər qitə oyunları ilə rəqabət aparmaq fikrində deyilik. AOK ciddi şəkildə nəzərə almalıdır ki, bu Oyunlar Olimpiya Oyunlarına lisenziya qazanmağa imkan verir. Biz də öz növbəmizdə hər bir təşkilatçı ölkəyə proqrama yeni idman növü daxil etməkdə köməklik göstərməyə hazırıq.

- 2004-cü il Afina Olimpiya Oyunlarından sonra bəzi idman məkanları dağıdılıb, bəziləri isə istifadəsiz qalıb. Sizcə, bu hal Bakıda da təkrar oluna bilərmi?

- İlk növbədə, biz Azərbaycanın çox sayda idmançılarının olduğunu gördük. Azərbaycanın müxtəlif idman növləri üzrə çoxsaylı medalları var. Bu da idmanın bu ölkədə nə dərəcədə inkişaf etdiyini bir daha sübut edir. Bundan başqa, bu hal ölkədə gələcəkdə də xeyli idman tədbirlərinin keçirilməsi ənənəsinə sadiqlikdən xəbər verir. Belə yarışlara misal kimi, İslam Həmrəyliyi Oyunları, "Avro 2020" və "Formula-1" yarışlarını göstərmək olar. Beləliklə, bu obyektlər keçirəcəyiniz növbəti oyunlar üçün istifadə olunacaq. Əgər Azərbaycan idmana sərmayə qoymağa davam edərsə, gənc nəsil yüksək səviyyəli obyektlərdə məşq etmək imkanı əldə edəcək və bu da onların uğurlu gələcəyinə töhfə vermiş olacaq. İdmana sərf edilən hər avro səhiyyəyə ayrılan 7 avro deməkdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi