10 günlük və Azərbaycanın 10-cu olduğu Avropa Oyunlarına 10 sözardı - İCMAL - FOTO

10 günlük və Azərbaycanın 10-cu olduğu Avropa Oyunlarına 10 sözardı - İCMAL - FOTO "Report"un əməkdaşı Minsk səfəri ilə bağlı yekun təəssüratlarını bölüşür
Avropa Oyunları
3 İyul , 2019 12:27
10 günlük və Azərbaycanın 10-cu olduğu Avropa Oyunlarına 10 sözardı - İCMAL - FOTO

II Avropa Oyunlarının keçirildiyi Belarusun paytaxtı Minsklə iyulun ilk günü sübh tezdən vidalaşdıq. Həmin vaxt Bakıda havalar yenicə işıqlanmağa başlayardı. Minskdə isə qaranlıq çoxdan çəkilmişdi. Çünki orada gecə saatlarında belə hava işıqlı olur. Bizi bu şəhərdən silinməz, norstalji dolu xatirələr ayırırdı. 

Özüm ilk dəfə idi hansısa ölkədə 10 gündən çox olurdum. Belarusa 5-ci, onun paytaxtına isə 4-cü səfərimi etsəm də, bu dəfə tam fərqli alındı. 10 gün davam etmiş Oyunlar boyunca sanki Minski yenidən kəşf etdim...

Əvvəla, ona görə ki, bu, adi tədbir yox, bünövrəsi Bakıda qoyulan Avropa Oyunlarının sayca ikincisini qəbul edən şəhər idi. Elə hava limanına ayaq basdığın andan mötəbər yarış ab-havasını hiss edirdin. Pasport nəzarətçiləri qısa müddətdə səni sərhəddən içəri buraxır, "Minsk 2019"un könüllüləri akkreditasiya vərəqində son tamamlanma işlərini görür, çöldə isə səni xüsusi ayrılmış avtobus gözləyirdi. Şəhərin təmizliyi, səliqəsi, mərkəzə doğru uzun yol qət etdikcə rastlaşdığın Avropa Oyunları bannerləri də öz yerində...

İkincisi, şəhər sakinlərini yaxından tanıdım. Onların necə gülərüz, səmimi, həyat dolu insanlar olduqlarını gördüm. Buranın əhalisi gündüzlər yarış məkanlarında, axşamlar isə fan-zonalarda əylənirdi. Hətta olurdu ki, ikinciyə birincidən daha çox üstünlük verilir, tamaşaçı sayı zallardakıları xeyli keçirdi. Demək olar ki, hər günə bir ölkənin gününün təsadüf etməsi də burada az rol oynamamışdı. Məsələn, elə səfərimizin ilk günü - iyunun 20-də Azərbaycan günü gerçəkləşdi. Həmin mərasimə insanların göstərdiyi maraq Oyunların sonunadək davam etdi. Ən böyük maraq isə Rusiya günündə idi. Azərbaycan günündə Tünzalə Ağayeva oxumuşdusa, şimal qonşularımız Timati ilə təmsil olunurdu. Həmin vaxt elə basırıq yaranmışdı ki, hərəkət eləməyin özü belə ağır idi.

Üçüncüsü, bu səfər elə öz həmkarlarımı daha yaxından tanımaqda, onlarla dostlaşmaqda mənə yardımçı oldu. Doğrudan da insan səfərdə tanınar. Eyni mənzili bölüşdüyümüz jurnalist həmkarlarımız, eləcə də bizi daim diqqətdə saxlayan Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova ilə o dərəcədə yaxınlaşdıq ki, hətta hər yarış günündən sonra şəhərin mərkəzində yığışmağı özümüzə borc bilirdik. İlk baxışdan, 11 günlük səfər darıxdırıcı görünə bilərdi. Amma məhz belə görüşlər sayəsində günümüzün demək olar ki, hər saatı maraqlı alındı.

Dördüncüsü, bu səfər bizə "Minsk 2019"un Əməliyyat Komitəsində çalışan, Oyunların yüksək səviyyədə keçməsi üçün heç də yerli əməkdaşlardan az iş görməyən həmyerlilərimizi tanıtdı. Samir Məmmədov və Sevda xanımın timsalında azərbaycanlıların Belarusda təşkilati işlərdə də fəal olmalarını gördük, onlar haqda yalnız xoş sözlər eşitdik.

Beşincisi, Belarusda da Azərbaycandakı kimi idmanın inkişafı üçün yaradılan şəraitə, ölkədə əksər növlər üzrə idmançı nəslinin yetişməsi üçün göstərilən diqqət və qayğıya şahidlik etdik. İdman obyektlərinin əksəriyyəti bir-birinə yaxın olsa da, nisbətən uzaqda yerləşənlər də var idi. Amma onların hamısındakı müasirlik diqqət çəkirdi. Jurnalistlərin işləmələri üçün sürətli internet, media otağı və tribuna ayrılmışdı. Zalların bəzilərində sudan əlavə, kofe və şirniyyat pulsuz verilirdi. Pullu yeməklərin qiyməti isə münasib idi, çox baha deyildi.

Düzdür, zallar tam dolmurdu. Amma bunu bir çox hallarda tamaşaçı tutumunun böyüklüyü ilə də əlaqələndirmək olardı. Məsələn, Avropa Oyunları zamanı cüdo və karate yarışlarının, digər vaxtlarda isə buzüstü hokkey matçlarının keçirildiyi "Çijovka Arena"nın 10 minədək tamaşaçı tutumu var. Yarış zamanı tribunanın birinci yarısı dolsa da, üst qatı demək olar ki, boş qalırdı. Əvəzində şəhərin mərkəzindəki İdman Sarayının 3000 tamaşaçı tutumuna malik tribunalarında boş yerlər az olurdu. Müşahidələrə əsasən, hər gün istənilən yarışa orta hesabla 2000-3000 nəfər baxırdı.

Belarus idmançıları isə onlara bəslənən etimadı doğruldaraq, özlərini müsbət tərəfdən göstərməyi bacardılar. Təsadüfi deyil ki, ilk Avropa Oyunlarını qəbul edən Azərbaycan kimi, bu Oyunların təşkilatçısı da ümumi hesabda Rusiyadan sonra ikinci yeri tutdu.

Altıncısı, bu səfər belaruslu və xaricdən gəlmiş jurnalistləri tanıtdı. Onlarla müxtəlif tədbirlərdə birgə olduq. Şəhərin mərkəzinə də, kənarına da ekskursiya etdik. Həmkarlarımızın əksəriyyəti "Minsk 2019" barədə müsbət fikirdə idi. Amma fərqli fikirlərlə də rastlaşdım. Məsələn, əvvəlcədən tanıdıqlarımdan biri özünü Minskə Oyunların sonlarında çatdırmışdı. Yerli jurnalist olsa da, məzuniyyəti yarışların böyük hissəsinin keçirildiyi dövrə təsadüf etmişdi. Həmin müddətdə qərbi Avropa səyahətində olduğunu deyən həmkarım bildirirdi ki, getdiyi yerlərdə Oyunlara aşağı səviyyədə maraqla qarşılaşıb: "Səfər etdiyim heç bir ölkədə Oyunlar canlı yayımlanmırdı. Dincəldiyimiz yerlərdə "Minsk 2019" əvəzinə sehrbazların, jonqlyorlatın, müxtəlif musiqi qruplarının tamaşalarına baxmalı olurduq. Bu da Belarusun xaricdə təbliğat işini zəif qurmasından irəli gəlirdi. Gərək, təbliğat aparmaq istədikləri ölkədə hansı növün daha çox sevildiyini nəzərə alardılar".

Türkiyə günü zamanı çəkiliş apardığımız vaxt isə bir nəfər bizə yaxınlaşaraq, iki Oyunlar arasında müqayisə aparmağa başladı: "Bakıda kişi və qadınlar arasında voleybol yarışı da keçirilmişdi. Amma burada komanda növlərindən yalnız çimərlik futbolu mövcuddur. Zallar isə boş olur. Halbuki, Bakıda biletlər hələ öncədən satılıb qurtarmışdı".

Yeddincisi, bu səfər bizə çoxfunksiyalı idman yarışlarının işıqlandırılmasının necə çətin olduğunu anlatdı. Xüsusən də əgər bu Oyunlar xaricdə keçirilirsə və sən üzərinə düşən işi tək görməli olursansa. İndiyədək xaricdə müxtəlif növlər üzrə Avropa və dünya çempionatlarını, futbol oyunlarını, o cümlədən, Çempionlar Liqası qarşılaşmasını işıqlandırmışam. Amma Avropa Oyunları tam fərqli yarış idi. Burada həm gün ərzində hansı növlər üzrə yarışların keçirildiyini, hansılarında medalların qazanıldığını izləməli, həm də birbaşa idman obyektinin özünə gedərək, yarış zalından miks-zonaya açıqlama almağa qaçmalı, oradan isə qayıdıb onu yazmalı idin. Bunları çatdırmaq fiziki cəhətdən belə mümkün deyildi. Çıxış yolumuz isə bir-birimizlə əlaqəli işləmək idi. Oyunların sonuncu günündə isə özümüz təşəkkürnamə aldıq. Biz isə özümüzdən əlavə, çalışdığımız media qurumlarının idman şöbələrinin əməkdaşlarının əməyini də vurğulayaraq, onlara təşəkkürümü bildirmək istərdim.  

Səkkizincisi, bu səfər bizə idmançıları, nümayəndə heyətini yaxından tanıtdı. Açılış mərasiminin ertəsi səhər tezdən Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovadan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Atletlər Kəndini ziyarət edəcəyi xəbərini aldıq. Cəmi bir saat ərzində hazırlaşaraq özümüzü kifayət qədər uzaqda yerləşən Kəndə çatdırmalı idik. Beş nəfər üçün iki taksi sifariş etməkdənsə daha yaxşı variant ictimai nəqliyyat idi. Metro ilə gedib deyilən məkana çatdığımız vaxt hazırlıq işləri görülürdü. Bu müddətdə idmançılarla qeyri-rəsmi ünsiyyətdə olduq, onları yaxından tanımaq fürsəti qazandıq. Hamısı qələbəyə köklənmişdi, aralarında mehriban ab-hava hökm sürürdü. Bircə qalırdı onların medal qazanmaları. Bunun da öhdəsindən 82 idmançının 28-i gələ bildi. Yəni, 82 ilə 28 arasında fərq həm də iki rəqəmin yerdəyişməsi qədər oldu. 

Amma təbii ki, ilk Avropa Oyunları ilə müqayisədə nəticələrin xeyli zəif olduğu vurğulanmalıdır. Xüsusən, qızıl medal sayının azlığı, hətta Gürcüstandan belə kəmiyyət və keyfiyyətcə geridə qalmaq, Ermənistanı cəmi bir pillə və yalnız medal sayında üstələməyin özü qənaətbəxş sayıla bilməz. Azərbaycan idmançıları bu dəfə ilk Avropa Oyunlarındakı 56 medalın tən yarısını əldə edə bildi. Özü də Bakıda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanılmışdısa, bu dəfə aktivə 5 qızıl, 10 gümüş və 13 bürünc medal yazıldı. Başqa sözlə, qızıl medalların sayı 4 dəfədən də az oldu. Burada bir çox obyektiv səbəb - "Minsk 2019"un proqramındakı idman növlərinin, Azərbaycan təmsilçilərinin özünün sayının xeyli azalması, medal dəstlərinin sayının 253-dən 200-ə enməsi və s. kimi amilləri göstərmək olardı. Amma bunların heç biri ümumi hesabda 2-ci yerdən 10-cu pilləyə enişə, medal sayının xeyli azalmasına haqq qazandıra bilməz. 

İlk Oyunlarla müqayisədə yalnız cüdoda medal artımı oldu. Özü də Avropa çempionatı statusu ilə keçirilən bu növ üzrə yarışlarda Bakının 1 gümüş medalını Minskin 1 "gümüş", "4 bürünc"ü əvəzlədi. Keyfiyyətcə isə güləşi fərqləndirmək olar. Təsadüfi deyil ki, sərbəst güləşçilər 5 (2 qızıl, 1 gümüş, 2 bürünc), qadın güləşçilər 3 (1 qızıl, 1 gümüş, 1 bürünc), yunan-Roma güləşçiləri 2 (1 gümüş, 1 bürünc) medal əldə etdilər. Başqa sözlə, 28 medalın 10-u və 5 "qızıl"ın 3-ü güləşçilərin payına düşdü. Qalan 13 medalın 5-ni karateçilər (1 qızıl, 3 gümüş, 1 bürünc), hərəyə 3-nü gimnastikadan akrobat cütlük (2 gümüş, 1 bürünc) və samboçular (1 gümüş, 2 bürünc), 2-ni boksçular (1 qızıl, 1 bürünc) götürdülər. Sadalanan 6 növ "Minsk 2019"da ən çox idmançı ilə təmsil olunurdu. Atıcılıq, velosiped idmanı, kamandan oxatma, kanoe və badminton növlərindən olan üst-üstə 14 idmançı isə daha çox statistikanı "zənginləşdirməyə" yaradı.     

Problem idmançıların çox vaxt həlledici məqamlarda - boksda ən azı bürünc medalı təmin etməyə imkan verən yarımfinalın, digər növlərdə finalın və ya qızıl medalın bir addımlığında büdrəmələri ilə bağlı idi. Burada hakimlərin qeyri-obyektiv qərarları da müəyyən rol oynayırdı. Amma əsas səbəbi idmançıların hazırlıq səviyyələrinin aşağı olmasında, düzgün təlim-məşq toplanışı keçə bilməmələrində, psixoloji və fiziki cəhətdən tam hazırlanmamalarında, məşqçi işinin lazımi səviyyədə qurulmamasında axtarmaq lazımdır. Əksər növlərdə səviyyəli baş məşqçilərə ehtiyac hiss olunur. Özümüzdə belə mütəxəssislər yoxdursa, mütləq xaricdən bacarıqlılarını dəvət etmək lazımdır.   

Doqquzuncusu, bu səfər bizə şəhərin özünü, küçə və prospektlərini, nəqliyyat sistemini yaxından tanıtdı. Səfər xərclərini Gənclər və İdman Nazirliyi, Oyunlar boyunca Minskdə qalma və yemək xərclərini çalışdığımız media orqanları öz üzərinə götürmüşdü. Bu ərəfələrdə Minskdə otellər çox baha qiymətə olduğundan, şəxsi ev tapmalı olmuşduq. Həmin mənzil şəhərin mərkəzində yerləşsə də, metrodan aralı idi. Yaxınlıqdakı metro stansiyasına getmək üçün dayanacaqda trolleybus gözləməli olurduq. Bu da idman obyektlərinə gediş-gəliş zamanı xeyli vaxt aparırdı. Digər tərəfdən, sanki metro stansiyalarının sayı şəhərin ölçülərinə uyğun gəlmirdi. Ən böyük prospektlərin yaxınlığında metro stansiyalarının azlığı və ya olmaması da bir problem idi. Düzdür, idman obyektlərinə və otellərə gediş-gəliş üçün avtobuslar ayrılmışdı. Amma onların toplaşma rayonu da neytral əraziyə salınmamışdı. Bütün bunlar bizə yarış məkanlarına vaxtında çatmaqda mane olurdu. Minskdə Bakıdan fərqli olaraq, trolleybuslardan əlavə, tramvaylar da işləyir. Tramvay sürücülərinin əksəriyyəti isə qadınlardır. Şəhər küçələrində tıxaclara yalnız xüsusi tədbirlərin, məsələn, şosse yürüşünün keçirildiyi saatlar istisna olmaqla, rast gəlmədik. Bunun bir səbəbi də yolların genişliyindən irəli gəlirdi.

Onuncu səbəb isə Moskvaya ayaq basdığımız vaxt üzə çıxdı. Pasport nəzarətçisi olan rus xanım sərt sifətlə "Niyə gəlmisiz? Soyadınız rusca necə yazılır?" deyə suallar verib bizi boşuna gözlətdikdə bir daha anladıq ki, Minskin dəyəri biz azərbaycanlılar üçün tam başqadır. Elə biz də onlar üçün. Nə olsun ki, Moskva Minskdən qat-qat böyükdür, Kreml kimi gəzməli-görməli yerləri var. Hər ikisinə "qəhrəman şəhər" adı verilsə də, Moskva minsklilər qədər müharibə dəhşətləri görməyib, üç ilədək mühasirədə qalmayıb. Minsk yenidən salınıb, hər şeyi təbiəti kimi təbiidir. Moskvada isə...

P.S. Axırıncı yarış günündə müsahibə aldıqdan sonra Gənclər və İdman naziri Azad Rəhimova II Avropa Oyunları işıqlandıran jurnalistlər adından bizə yaratdıqları şəraitə görə təşəkkürümü, ilk dəfə belə çoxfunksiyalı idman yarışında iştirak etdiyimizi bildirdim. O isə indiyədək Olimpiya Oyunlarına yollana bilməməyimizə görə təəccübünü gizlətmədi. Odur ki, 2020-ci il Tokio olimpiadasını da zəhmətkeş jurnalistlərin işıqlandırmasına şərait yaradılacağını gözləməyə dəyər. 

Son xəbərlər

Orphus sistemi