Bakı. 22 iyun. REPORT.AZ/ Avropa çempionatında mübarizəni dayandıran Çexiyanın iki futbolçusu milli komanda karyerasını başa vurub. "Report"un məlumatına görə, bunlar hücumçu David Lafata ilə yarımmüdafiəçi Yaroslav Plaşildir.
Onlar qərarlarını D qrupunda Türkiyəyə 0:2 hesablı məğlubiyyətlə yekunlaşan son tur matçının ardından açıqlayıblar.
Fransanın "Bordo" klubunda çıxış edən Plaşil millidə 103 oyuna 4 qol vurub. Praqa "Sparta"sının oyunçusu Lafata isə 41 dəfə yığma formasını geyinib.
Qeyd edək ki, Çexiya 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alıb. Millimiz ilk görüşünü bu il oktyabrın 11-də Çexiyada, təkrar qarşılaşmanı isə 2017-ci il oktyabrın 5-də Bakıda keçirəcək.