​Azərbaycan ABŞ-dan quş ətinin idxalını dayandıra bilər

​Azərbaycan ABŞ-dan quş ətinin idxalını dayandıra bilər Birləşmiş Ştatlarda H5N2 "quş qripi" virusu sürətlə yayılır
ASK
29 Mart , 2015 15:01
​Azərbaycan ABŞ-dan quş ətinin idxalını dayandıra bilər

Bakı. 29 mart. REPORT.AZ/ "Azərbaycan ABŞ-dan idxal edilən quş əti məhsullarında xəstəlik aşkar edildiyi təqdirdə, bu məhsulun ölkəyə gətirilməsinə qadağa qoyacaq. Bu, təkcə bizim deyil, həm də Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) qərarları əsasında baş tutacaq".

Bunu "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli ABŞ-da hind quşları arasında H5N2 "quş qripi" virusunun sürətlə yayılmasına dair məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə, Dövlət Baytarlıq Nəzarəti Xidməti idxal həyata keçirdiyi ölkənin epizootik vəziyyətini Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının (OİE) verdiyi məlumatlar əsasında öyrənir: "Orada epizootik vəziyyət sabitdirsə, həmin ölkədən heyvan mənşəli məhsulların idxalına icazə verilir. Hazırda ölkəyə Türkiyə, Braziliya və ABŞ-dan quş əti idxal edilir. Xəstəlik qeydə alınıbsa, məlumat bizə daxil olacaq. ABŞ-ın ərazisi böyükdür. Biz məhsul aldığımız ərazidə xəstəlik yaranıbsa, şübhəsiz ki, biz idxalı dayandıracağıq".

ABŞ Kənd Təsərrüfatı Nazirliyi elan edib ki, ölkədə ən iri hind quşu tədarükünü həyata keçirən fermalardan birində H5N2 "quş qripi" virusu aşkar edilib. Xəstəlik Minnesota ştatının Sterns dairəsində qeydə alınıb. Hazırda təsərrüfat karantinə alınıb. Bu ferma ştatda böyüklüyünə görə ikinci təsərrüfatdır. Fermada ümumilikdə 39 min quş var. Onların bəziləri artıq ölüb. Qalanları isə virus yayılmasın deyə məhv ediləcək.

Minnesota ABŞ-da quş əti istehsalı üzrə ən böyük ştat hesab edilir. Artıq ştatın üç fermer təsərrüfatında bu xəstəlik aşkar edilib. Təhlükəli virus Missuri, Arkanzas, Kanzas və Oreqonda da aşkarlanıb. Dörddən artıq ölkə Amerikadan hind quşu ətinin idxalını dayandırmaq məcburiyyətində qalıb.

Son xəbərlər

Orphus sistemi