Un istehsalçılarına subsidiya verilməsi gözlənilir

Un istehsalçılarına subsidiya verilməsi gözlənilir Son günlər dünyada buğdanın qiymətinin bahalaşması müşahidə edilir.
ASK
205
15 Sentyabr , 2021 19:22
Un istehsalçılarına subsidiya verilməsi gözlənilir

Son günlər dünyada buğdanın qiymətinin bahalaşması müşahidə edilir. Bu isə cəmiyyətdə un və un məmulatlarının bahalaşacağı barədə narahatlıqlar doğurur. Dünəndən Azərbaycanda bəzi çörək növlərinin qiymətinin artması bu narahatlıqları daha da artırıb.

Ölkədə un istehsalı sahəsində fəaliyyət göstərən fabriklərdən birinin direktoru Arif Həsənov “Report”a açıqlamasında bildirib ki, Azərbaycanda unun bahalaşması gözlənilmir:

“Unun qiyməti qalxmayıb. Un istehsalı ilə bağlı dövlətin subsidiya ayırması gözlənilir, ona görə də unun qiymətinin qalxması ehtimalı yoxdur. Buğda bahalaşıb. Rusiyada və elə Azərbaycanda da yerli buğda çox bahadır. Unun bahalaşmasının qarşısını almaq üçün dövlət un istehsalını subsidiyalaşdırmağı planlaşdırıb”.

A.Həsənovun sözlərinə görə, dövlətin bu addımı unun bahalaşmasına mane olacaq:

“Yəqin ki, bu günlərdə bu barədə qərar çıxacaq. Un istehsalına subsidiya verilməlidir. İlin əvvəlində də dövlət un istehsalçılarına subsidiya vermişdi. Sadəcə indi buğda hədsiz bahalaşıb. Ona görə də verilən subsidiyanın miqdarının çox olacağı gözlənilir. Bu isə unun qiymətinin qalxmasının qarşısını alacaq. Dövlət də bu addımı elə bunun üçün atır”.

A.Həsənov bildirib ki, bu yaxınlarda un istehsalçılarına subsidiya verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyində görüş keçirilib:

“Təxminən on gün bundan öncə iqtisadiyyat naziri Mikayil Cabbarov bu məsələ ilə bağlı görüş keçirmişdi və bu görüşdə biz də iştirak etdik. Bundan 4-5 gün əvvəl isə Baş nazirin müavini Şahin Mustafayevin də keçirtdiyi görüşdə olduq. Bu görüşlər hamısı onunla əlaqədar idi ki, dövlət unun qiymətinin qalxmaması üçün subsidiya verməyi planlaşdırır”.

“Unun qiyməti qalxmasa, çörəyin də qiyməti qalxmaz. Hardasa bir-iki istehsalçı qiymət qaldırırsa, bu, başqa məsələ. Amma ümumilikdə geniş mənada Azərbaycanda çörəyin qiyməti qalxmayıb”, - deyə A.Həsənov əlavə edib.

Qeyd edək ki, dünəndən ölkədə bəzi çörək növlərinin qiymətində artım müşahidə olunub. Belə ki, çörək istehsalı ilə məşğul olan firmalardan ikisi çörək növlərindən asılı olaraq qiymətləri 5-10 qəpik civarında artırıb.

Hazırda dünya ölkələrinin 80 %-inin buğdaya olan tələbatının idxaldan asılılığı və əksər istehsalçı ölkələrdə istehsal və ixracın azalması qlobal miqyasda ərzaq buğdasının istehlakında ciddi çətinlikləri meydana çıxarıb. Məlumat üçün deyək ki, qardaş Türkiyədə buğda ilə özünütəminetmə səviyyəsi təxminən 70 %, Azərbaycanda isə 58 % təşkil edir.

Son xəbərlər

Orphus sistemi