"Təzə bazar"dakı gizli sexdə aşkarlanan yararsız ətlərin laboratoriya müayinələri açıqlanıb

"Təzə bazar"dakı gizli sexdə aşkarlanan yararsız ətlərin laboratoriya müayinələri açıqlanıb Heyvanların daxili orqanlarında bakterioloji çirklənmə aşkar edilib
ASK
13 Yanvar , 2017 12:07
Təzə bazardakı gizli sexdə aşkarlanan yararsız ətlərin laboratoriya müayinələri açıqlanıb

Bakı. 13 yanvar. REPORT.AZ/ "Təzə bazar" MMC-də əti sümükdən ayıran gizli sexdə aşkar edilmiş qida üçün yararsız ətlərin laboratoriya müayinələri yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a daxil olan məlumata görə, ölkə ərazisində epizootoloji sabitliyin qorunması, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan reydləri davam etdirir.

Belə ki, yanvarın 6-da qida təhlükəsizliyi ilə əlaqədar alınmış məlumat əsasında Baytarlıq Xidmətinin mütəxəssisləri və Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə birlikdə paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsi,73 ünvanında yerləşən Məmmədağa İbrahimova məxsus "Təzə bazar" MMC-də reyd keçirilib.

Reyd zamanı “Təzə bazar” MMC-nin ət satışı şöbəsinin yanında gecələr gizli, qanunsuz, antisanitar şəraitdə fəaliyyət göstərən, primitiv şəkildə quraşdırılmış əti sümükdən ayıran sex aşkar edilib. Sexə baxış keçirərkən 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd ağ polietilen torbalarda 64 kq sümükdən ayrılmış heyvan əti, 5 ədəd heyvaların daxili orqanları aşkar edilib.

Ümumi çəkisi 445 kq olan heyvan ətinin və daxili orqanların mənşəyinə və sağlamlığına dair heç bir sənəd təqdim olmadığı üçün həmin ətlərdən və daxili orqanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticələri məlum olana kimi aşkar edilən heyvan ətləri və daxili orqanlar müvəqqəti saxlamaq üçün Komissiyanın iştirakı ilə soyuducu kameraya yerləşdirilərək möhürlənib.

Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinə zamanı 19 nümunə ətdə və 5 nümunə daxili orqanda bakterioloji çirklənmə aşkar edilib. Eləcə də, bakterioloji müayinə zamanı 7 nümunə ətdə və 5 nümunə daxili orqanda "Salmonella typhimurium", 12 nümunə ətdə isə BÇQB (bağirsaq çöpü qrupunun bakteriyaları), "Stafilakokkus aureus" aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən 19 nümunə ətin və 5 nümunə daxili orqanın keyfiyyətsiz olması, 5 nümunə ətin iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi və bütün nümunələrin qida üçün baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib.

Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq M.İbrahimova məxsus “Təzə bazar" MMC-də gecələr gizli, qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexdə aşkarlanan 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd heyvanın daxili orqanları və 5 ədəd ağ polietilen torbalarda olan 64 kq sümükdən ayrılmış heyvan ətləri barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək ciddi inzibati tədbirlər görüləcək.

Son xəbərlər

Orphus sistemi