Yuxarı
    Bağlamaq

    SKMF Ağcabədidə sahibkarlar üçün işgüzar forum keçirib

    Ağcabədi və ətraf rayonlardan olan 85 sahibkara 3 mln. manatdan çox güzəştli kredit verilib

    Bakı. 6 may. REPORT.AZ/ Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağcabədi rayonunun Rəncbərlər kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

    Nazirliyin mətbuat xidmətindən “Report”a verilən xəbərə görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Ağcabədidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

    Forumda 90-dan çox sahibkar iştirak edib. Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılan “yaşıl market”in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

    SKMF-in icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində 742 sahibkara 49 mln. manat güzəştli kredit verilib: “Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, bugünədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 mindən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 480,8 mln. manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzləri, quşçuluq fabrikləri, cins iri buynuzlu heyvandarlıq kompleksləri, çörək zavodları, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələri, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib”.

    İşgüzar forum çərçivəsində Ağcabədi və ətraf rayonlardan olan 85 sahibkara 3 mln. manatdan çox güzəştli kredit verilib. Kreditlər əsasən iri fermer təsərrüfatının yaradılmasına, heyvandarlıq, pambıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması 100-dən çox yeni iş yerinin açılması imkanı yaradacaq.

    Forum çərçivəsində Ağcabədi və Beyləqan rayonlarının ərazisində güzəştli kreditlər hesabına yaradılan özəl pilot taxılçılıq və Ağcabədi rayonunda pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.

    Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 19 rayonunda 40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı yaradılır. Bu təsərrüfatların yaradılmasına 72 mln. manatdan çox güzəştli kredit verilib. Müasir suvarma sistemləri qurulan təsərrüfatlardan 5-də növbəli əkin sistemi tətbiq olunmaqla pambıq əkilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi