Şəkidə sərgi-satış yarmarkasında 30-dan çox toxum sortu təqdim edilib

Şəkidə sərgi-satış yarmarkasında 30-dan çox toxum sortu təqdim edilib Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir.
ASK
108
3 Sentyabr , 2021 14:58
Şəkidə sərgi-satış yarmarkasında 30-dan çox toxum sortu təqdim edilib

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilir ki, budəfəki sərgi-satış yarmarkası Şəki şəhərində təşkil olunub. Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev bu tədbirin Şəki şəhərində keçirilməsini mühüm addım kimi dəyərləndirib. Qeyd edib ki, ölkənin sosial-iqtisadi həyatında xüsusi əhəmiyyət kəsb etdiyi üçün qeyri-neft sektorunun prioritet sahələrindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektoru ötən dövr ərzində iqtisadiyyatın əsas sektorlarından biri kimi müəyyənləşdirilib və görülmüş məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda bu sektorun inkişafı üçün əlverişli şərait yaradılıb. Bütün bölgələrdə olduğu kimi Şəkidə də bu sahənin daha da inkişafı üçün zəruri addımlar atılmaqdadır.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev çıxışında bildirib ki, aparılan məqsədyönlü islahatlar nəticəsində digər sahələr kimi aqrar sahə də özünün dinamik inkişafı ilə mövcud çağırışlara cavab verərək keyfiyyətcə yeni mərhələyə daxil olub. Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində aqrar sahənin inkişafı təmin edilir, bu sahəyə dövlət dəstəyi gücləndirilir. Respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkası da məhz bu sahənin daha da inkişafı, toxum bazarının formalaşdırılması, istehsalçı ilə istehlakçı arasında birbaşa münasibətlərin qurulmasına yönəlib. Bu gün Şəki şəhərində təşkil edilən yarmarkada 30-dan çox toxum sortu nümayiş etdirilir.

Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov bildirib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün mühüm addımlar atılır və ölkəmizdə toxumçuluğun inkişafı daim diqqət mərkəzindədir. Dövlətimiz kənd təsərrüfatının bütün sahələrində fermer fəaliyyətinə, xüsusilə də toxumçuluğun inkişafına qayğı və dəstəyini əsirgəmir. Dövlət Toxum Fondu olaraq mütamadi fermer və toxumçularla müxtəlif görüşlər keçirilir, birgə müzakirələr aparılır. Toxum sərgi-satış yarmarkalarının keçirilməsi də bu sahənin daha da inkişafına dəstək olacaq.

Sərgi - yarmarkası ilə tanışlıqdan sonra məhsullar və toxumla bağlı ətraflı müzakirələr aparılıb. Fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi, kondisiyaya çatdırılması barədə məlumat verilib və informasiya materialları təqdim olunub.

Qeyd edək ki, yarmarkalar ümumilikdə ölkənin 6 bölgəsində təşkil olunur. Növbəti yarmarka sentyabrın 6-da Ağcabədidə, sentyabrın 8-də Saatlıda, sentyabrın 10-da Cəlilabadda, sentyabrın 13-də isə Xaçmazda keçiriləcək.

Yarmarkaların müxtəlif regionlarda keçirilməsində əsas məqsəd toxum bazarının formalaşması, “seleksiyaçı-toxumçu-istehlakçı” zəncirlərinin real qarşılıqlı əlaqəsinin qurulması, işgüzar və səmərəli görüşlərin keçirilməsi, həmçinin fermerlər üçün sertifikatlı toxumların əlçatanlığının təmin olunmasıdır.

Son xəbərlər

Orphus sistemi