Yuxarı

​Samuxda quşçuluq təsərrüfatı fəaliyyətə başlayıb

40 quşçuluq təsərrüfatına 110 milyon manata yaxın güzəştli kredit verilib

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Samux rayonunun Qovlarsarı kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

“Report” nazirliyə istinadən xəbər verir ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Samuxda həyata keçirilməsi məqsədəuyğun hesab olunan layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

Yüzə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Samux rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermerə, istixana və intensiv üzümçülük təsərrüfatlarının, pendir, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin, “yaşıl market” və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib.

Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2015-ci ilin ötən dövrü ərzində 422 sahibkara 10,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Qeyd edilib ki, ümumilikdə indiyədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 4948 investisiya layihəsinin maliyyələşdirilməsinə 170,9 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, taxıl anbarlarının, quşçuluq fabrikinin, cins iri buynuzlu heyvandarlıq kompleksinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması sahələri üzrə investisiya layihələri maliyyələşdirilib, 23 000-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Samux və ətraf rayonlardan olan 50 sahibkara 1,1 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, tərəvəzçilik, üzümçülük, çorək və mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 80-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Samux rayonunun Sərkar kəndində güzəştli kredit ayrılan ildə 1,6 min ton quş əti istehsal etmək gücündə olan müasir quşçuluq fabrikinə baxış keçirilib. Bu fabrikin yaradılmasına Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2,5 mln. manat güzəştli kredit verilib.

Ümumilikdə isə Fond vasitəsilə son illər respublikanın regionlarında və Bakı şəhərinin qəsəbələrində illik istehsal gücü 56,7 min ton quş əti, 95 mln. ədəd damazlıq və 183,1 mln. ədəd əmtəəlik yumurta olan 40 quşçuluq təsərrüfatına 110 mln. manata yaxın güzəştli kreditlər verilib. Artıq illik istehsal gücü 37.9 min ton quş əti, 69 mln. ədəd damazlıq və 154.9 mln. ədəd əmtəəlik yumurta olan 32 quşçuluq təsərrüfatı istifadəyə verilib. Görülən işlərin nəticəsi olaraq quş əti və yumurta istehsalının artımına nail olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi