​Sahibkarlığa Kömək Milli Fondu 18 sahibkara 5,2 mln. manat güzəştli kredit verib

​Sahibkarlığa Kömək Milli Fondu 18 sahibkara 5,2 mln. manat güzəştli kredit verib Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir
ASK
30 Mart , 2015 15:42
​Sahibkarlığa Kömək Milli Fondu 18 sahibkara 5,2 mln. manat güzəştli kredit verib

Bakı. 30 mart. REPORT.AZ/ Martın 30-da İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,2 mln. manat kredit verib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, quşçuluq, elektrotexniki avadanlıqlar, mebel, plastik qapı-pəncərə istehsalı və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Martın 30-da həmçinin İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Suraxanıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Suraxanı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana və zeytunçuluq təsərrüfatlarının, ət kəsimi, plastik qapı-pəncərə, üzlük daş və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev 2015-ci ilin ötən dövrü ərzində ölkə üzrə 1229 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 37,2 mln. manat güzəştli kredit yönəldildiyini deyib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 2800-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 219,6 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib, 6800-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində dövlətin güzəştli krediti ayrılmış transformator və müxtəlif növ elektrotexniki avadanlıqlar istehsalı zavodunun son tamamlama və yeni zavodun tikintisi ilə bağlı hazırlıq işlərinə baxış keçirilib. Mövcud istehsal sahəsində istehsal olunan məhsullar əsasən, Kanada, Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Ukrayna, İraq, Bəhreyn və Cənubi Afrika Respublikasına ixrac olunur. Burada ildə 3 400 ədəddən çox müxtəlif növ elektrotexniki avadanlıqlar istehsal olunur. Yeni zavod istifadəyə verildikdən sonra müəssisənin müxtəlif növ elektrotexniki avadanlıqlar üzrə illik istehsal gücü 10 min ədədi ötəcək.

Son xəbərlər

Orphus sistemi