Sabirabad kümçüləri 5 ton barama təhvil verib - VİDEO

Sabirabad kümçüləri 5 ton barama təhvil verib - VİDEO Sabirabad rayonunda barama tədarükünə başlanılıb.
ASK
12 İyun , 2020 16:03
Sabirabad kümçüləri 5 ton barama təhvil verib - VİDEO
Report

Sabirabad rayonunda barama tədarükünə başlanılıb.

“Report”un Mil-Muğan bürosunun məlumatına görə, yerli kümçülər bir aylıq əziyyətdən sonra 5 ton barama tədarük edərək təhvil verib. 

Baramaçılıq üzrə 4 illik təcrübəsi olan kümçü Teymur Bəhrəmov bu sahənin gəlirli olduğunu deyir: "Baramaçılığa olan dövlət dəstəyi, toxumun pulsuz verilməsi, hər kiloqram məhsula ödənilən subsidiyalar bu sahəyə marağı daha da artırıb. Çox gəlirli sahədir. Bu il əvvəlki illərlə müqayisədə xeyli çox - 6 qutu toxum götürmüşdüm. Bu günə qədər 288 kiloqram məhsul təhvil vermişəm. Amma builki hədəfim 420 kiloqramdır".

İlk dəfə 5 qutu toxum götürərək yüksək məhsul tədarük edən kümçü fəxri fərmanla, daha sonra götürdüyü 10 qutu toxumla 761 kiloqram barama tədarükü üçün isə tərəqqi medalı ilə təltif olunub.

Baramaçılığın ata-baba sənəti olduğunu deyən rayonun Kürkənd kənd sakini, kümçü Qaraxan Vəliyev isə 8 qutu toxum götürdüyünü və hədəfinin 400 kiloqram olduğunu bildirib: "Baramaçılıq çox gözəl sahədir. Bu sahə arada durğunluq dövrünü yaşasa da, Prezident İlham Əliyevin diqqət və qayğsı sayəsində qısa müddətdə inkişaf yolunu tapdı. Biz sabirabadlılar da bu fürsətdən yararlanaraq toxum götürüb bəsləyirik və qısa müddətdə əlavə qazanc əldə edirik".

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Heydər Yaqubov deyir ki, bu mövsüm 250 kümçü barama toxumu təhvil alıb. Onun sözlərinə görə, kümçülər öz məhsullarını "Şəki İpək" ASC-nin səyyar avtobusuna təhvil verirlər. 

Ümumulikdə rayon üzrə 450 qutu toxum götürüldüyünü deyən DAİM-in direktoru bütün təsərrüfatlarda barama toplanıldığını və qısa müddətdə 5 tona yaxın məhsul tədarük olunduğunu bildirib.

Qeyd edək ki ötən il Sabirabad rayonu üzrə 14 ton barama məhsulu tədarük olunub, bu ilki hədəf isə 18 tondur.

Son xəbərlər

Orphus sistemi