Sabiq nazir: “Bu il yüksək pambıq istehsalına nail olacağıq”

Sabiq nazir: “Bu il yüksək pambıq istehsalına nail olacağıq” Pambıq istehsalını 400 min tona çatdırmağımız mümkündür
ASK
212
21 Avqust , 2021 12:45
Sabiq nazir: “Bu il yüksək pambıq istehsalına nail olacağıq”

Pambıqçılıq Azərbaycanın ənənəvi kənd təsərrüfatı sahələrindən biridir. Xüsusilə 20-ci əsrin yetmişinci illərindən başlayaraq ölkəmizdə pambıq əkin sahələri genişləndirildi və pambıqçılıqda gübrələrdən daha çox istifadə edilməyə başlanıldı. Nəticədə 1980-ci ilin ortalarında Azərbaycanda pambıq istehsalı 700-800 min tondan çox oldu. 1991-ci ildən isə digər sahələrdəki tənəzzül pambıqçılığa da təsirini göstərdi. Pambıq istehsalı dəfələrlə azaldı, hətta 20-30 min tona qədər endi.

“Report” Azərbaycanda pambıqçılığın bu günkü vəziyyəti, problemləri və perspektivləri barədə mütəxəssislərin fikirlərini öyrənib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı “Report”a açıqlamasında pambıq istehsalını 400 min tona çatdırmağımızın mümkün olduğunu bildirib:

Pambıq istehsalının daha çox olmasını istəyiriksə, kiçik və orta sahibkarlar xüsusi qayğı altına alınmalıdır”

Qadir Bayramlı

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti

“Azərbaycan üçün 400 min ton pambıq yığılmasını optimal hesab edirəm. Son dövrlərdə görülən tədbirlər nəticəsində Azərbaycanda pambıq istehsalı 250 min tondan çox olub və bu sahəyə xüsusi diqqət verilməyə başlanılıb. Ölkədə kənd təsərrüfatının intensiv üsullarından istifadə edilməsi hesabına pambıq istehsalını daha da artırmaq lazımdır. Bunun üçün müasir aqrotexniki üsullardan, effektiv sulamadan istifadə edilsə, daha səmərəli olacaq”.

Q.Bayramlı pambıq emalının da genişləndirilməsi məsələsini ön plana çəkib:

“Azərbaycanda pambıq istehsalı ilə bərabər yerli pambıq zavodlarının fəaliyyətini genişləndirmək lazımdır. İndi 300 min ton civarında pambıq istehsalımız olduğu halda Azərbaycanda pambıqdan istehsal edilən yüksək keyfiyyətli geyimlər tapmaq çətindir. Ona görə həm ilkin emal müəssisələrini, həm də hazır məhsul, yəni pambıq ipliyi, qumaş fabrikləri və parça fabriklərini müasir texnologiya əsasında qurmaq lazımdır. Yerli bazarı yüksək keyfiyyətli geyimlə təmin etmək potensialımız var, amma indiki halda bu potensial istifadə edilmir.

İndiki MDB məkanında pambıq və pambıq məhsullarının alıcıları var. Yüksək keyfiyyətli pambıq yetişdiriləndən sonra satış bazarı problem deyil. Daha çox gəlir götürmək üçün isə pambığın emal edilmiş şəkildə satılması lazımdır. Torpaqlarımızın yaxşılaşdırılması, fermerlərin su təminatının daha səmərəli hala gətirilməsi, ucuz gübrə təminatı ümumi nəticələrə müsbət təsir edəcək”.

Müsahibimizin sözlərinə görə pambıqçılığın inkişafı üçün kiçik və orta sahibkarlara daha çox qayğı göstərilməlidir:

“Ölkədə pambıq istehsalını artırmaq məqsədilə verilən kreditlərin həcmi artırılmalı, faizləri aşağı salınmalı, aqro sığorta tətbiq olunmalıdır. Azərbaycanda pambıqla əlaqədar geniş tədqiqat qurumları fəaliyyət göstərir. Həmin tədqiqat işlərini genişləndirmək, yerli şəraitə ən uyğun sortları seçib becərmək lazımdır. Fermerləin vəziyyəti yerində öyrənilməli, onlara verilən kreditlərdə şəffaflıq olmalıdır. Bu zaman biz daha böyük nəticələr əldə edə biləcəyik.

Pambıq yetişdirilməsi və becərilməsində kiçik və orta sahibkarların köməyə daha çox ehtiyacı var. Böyük təsərrüfat sahiblərinin işləri daha rahatdır. Çünki su təminatları yaxşıdır və məhsuldar torpaqların çoxu onların inhisarındadır. Hətta bazara çıxışda kiçik və orta sahibkarlar çətinlik çəkir. Pambıq istehsalının daha çox olmasını istəyiriksə, kiçik və orta sahibkarlar xüsusi qayğı altına alınmalıdır”.

Naxçıvan MR-nın sabiq kənd təsərrüfatı naziri Rəcəb Orucov da son dövrlər pambıqçılıq sahəsində xeyli irəliyə getdiyimizi bildirib:

“Pambıqçılıqda su təminatının düzgün təşkili bu sahənin intensiv inkişafına ciddi təsir göstərər”

Rəcəb Orucov

Naxçıvan Muxtar Respublikasının sabiq kənd təsərrüfatı naziri

“Pambıqçılıq Mərkəzi Aran kimi çox suvarılan bölgələrimizdə əkin dövriyyəmizin əsas hissəsini təşkil edir. Son zamanlar dövlətin göstərdiyi ciddi diqqət və qayğı nəticəsində pambıqçılığın əvvəlki ənənəvi şöhrətinin qaytarılması istiqamətində çox ciddi məsafə qət olunub. Bu gün aqrar sektorda yaşanan ən ciddi problemlərdən biri su təminatı ilə bağlıdır. Pambıq da su tələbatı yüksək olan bitkilər qrupuna aiddir. Pambıqçılıqda su təminatının düzgün təşkili bu sahənin intensiv inkişafına ciddi təsir göstərər”.

R.Orucov ölkədə pambıq emalı sənayesinin inkişafı üçün əlverişli şərait olduğunu qeyd edib:

“Azərbaycanda sənaye tipli pambıq liflərinin istehsalında da ciddi addımlar atılıb. Ölkəmizdə təbii şərait pambıqçılığın inkişafı üçün olduqca münasibdir. Torpaqların münbitliyinin yaxşılaşdırılması istiqamətində də çox böyük nəticələrimiz var. Sovet dövründə Azərbaycanda bir neçə pambıq parça istehsal edən fabrik fəaliyyət göstərirdi. Bu ənənə Azərbaycanda var. Yeni yanaşmalarla bir çox yerlərdə pambıq liflərinin sənayedə də istifadəsi və parça istehsalı sahəsində atılmış ciddi addımlar var ki, bunlar gələcəkdə bu sahənin daha da dərinləşməsi və ölkəmizdə xam pambığa olan tələbatın ödənilməsi üçün imkan yaradır. Buna söykənərək yerli yüngül sənayemizin, xüsusilə də pambıq istehsalı istiqamətindəki sənayemizin dirçəlməsi və daha da inkişaf etməsi üüçn münasib şərait var”.

Sabiq nazir bildirib ki, bu il pambıq təsərrüfatlarından bol məhsul əldə ediləcəyi gözlənilir:

“Əkin sahələri azalsa da, pambıq istehsalının son nəticələrinə baxanda hər il artım olduğunu görürük. Ayrı-ayrı fermer təsərrüfatlarında artıq 4-5 tona yaxın pambıq istehsal olunur. İntensiv texnologiyanın, müasir aqrotexnikanın tətbiqi, müasir pambıqyığan maşınların gətirilməsi ölkənin pambıq məhsullarına olan tələbatının ödənilməsi və xaricə ixrac üçün ciddi potensial yaradır. Sahələrdəki fenoloji müşahidələr göstərir ki, bu il yüksək məhsul istehsalına nail ola biləcəyik və keçən ilki nəticələri keçəcəyik”.

Son xəbərlər

Orphus sistemi