Qoşqar Təhməzli: "Qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllər tətbiq olunacaq"

Qoşqar Təhməzli: "Qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllər tətbiq olunacaq" Azərbaycanda qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllərin və müasir innovasiyaların tətbiqi istiqamətində mühüm yeniliklər gözlənilir.
ASK
6 May , 2022 11:34
Qoşqar Təhməzli: Qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllər tətbiq olunacaq
Qoşqar Təhməzli

Azərbaycanda qida təhlükəsizliyinə nəzarət sistemində rəqəmsal həllərin və müasir innovasiyaların tətbiqi istiqamətində mühüm yeniliklər gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli "Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, ötən gün Milli Məclisdə üçüncü oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən “Qida təhlükəsizliyi haqqında” Qanun layihəsində nəzərdə tutulub:

"Məhsulların izlənilməsi bu istiqamətdə atılan mütərəqqi addımlardan biridir. İzləmə sistemləri və prosedurları tədarük edilən xammaldan hazır məhsulun buraxılışınadək ardıcıllığı müəyyən etməyə, qida biznesi subyektinə qəbul edilən qida və yem məhsullarının birbaşa təchizatçısını, qida biznesi subyekti tərəfindən göndərilən qida və yem məhsullarının birbaşa alıcısını müəyyənləşdirməyə, bu məlumatları mümkün qısa zaman ərzində Agentliyə təqdim etməyə, həmçinin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərində hər hansı uyğunsuzluq aşkarlanan qidaların izlənilməsi yolu ilə onların ilkin mənbəyinin aşkar edilməsinə imkan verəcəkdir. Bundan əlavə, məhsulların izlənməsinə imkan verən sistemlərin mövcudluğu qanunsuz ticarətin və saxtalaşdırılmanın qarşısını almağa, həmçinin ölkələr arasında tədarükün şəffaflığını təmin etməyə köməklik göstərəcəkdir".

Q.Təhməzli vurğulayıb ki, ölkəmizdə qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı, heyvanların və heyvan mənşəli məhsulların, xammalın baytarlıq sanitariya tələblərinə uyğunluğunu təsdiq edən ekspertiza aktlarının verilməsi tam olaraq elektron formada həyata keçirilir: "Həmçinin qida məhsullarının idxal-ixrac prosedurlarının elektronlaşdırılması prosesi də sürətlə davam etdirilir. Hazırda bitki və bitkiçilik məhsullarının ixracına fitosanitar sertikatın alınması üçün bütün ölkə üzrə sahibkar tərəfindən müraciətlərin göndərilməsi, sınaq protokollarının və fitosanitar sertifikatın hazırlanması prosesləri tam olaraq elektron formada aparılır.

Gələcəkdə AQTİS sisteminin idxal-ixrac əməliyyatları ilə bağlı xarici ölkələrin müvafiq qurumlarının elektron sistemləri ilə inteqrasiyası nəzərdə tutulub. İnteqrasiya həlləri reallaşdıqdan sonra sertifikatların qarşı tərəfə birbaşa elektron formada ötürülməsi, sertifkatların saxtalaşdırılmasının qarşısının alınması, proseslərin sürətlənməsi, sertifikatların itməsi və ya korlanması probleminin aradan qaldırılması, həmçinin notifikasiyaların elektron formada ötürülməsi təmin olunacaqdır. Ümumilikdə rəqəmsal idarəçiliyin inkişafı, innovativ həllərin tətbiqi ilə idarəetmə proseslərinin optimallaşdırılması və elektronlaşdırılması bütün istiqamətlərdə çevik və effektiv idarəetmənin təmin edilməsinə, vətəndaş məmnunluğunun, şəffaflığın, ümumi işin keyfiyyətinin və səmərəliliyinin daha da artırılmasına xidmət edəcək".

AQTA-nın sədri bildirib ki, qida təhlükəsizliyi sahəsində yoxlamaların şəffaflığı və operativliyinin artırılması, eləcə də sahibkarların hüquqlarının qorunması, həmçinin yoxlamaları həyata keçirən Agentlik əməkdaşlarının peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə AQTA-da innovativ texnologiyalardan geniş istifadə olunur: "Belə ki, Agentlik əməkdaşları tərəfindən keçirilən yoxlamaların gedişatının onlayn qeydə alınması, mərkəzdən idarə edilməsi, məlumatların Agentliyin vahid məlumat mərkəzində toplanmasını təmin etmək məqsədilə elektron sistem fəaliyyət göstərir. Sistem vasitəsilə Agentlik əməkdaşlarının sahibkarlıq subyektlərinə daxil olduğu andan etibarən yoxlama yekunlaşanadək prosesi Agentliyin Monitorinq Mərkəzində canlı şəkildə onlayn izləmək mümküdür. Eyni zamanda daxil olan bütün məlumatlar sistem vasitəsilə arxivləşdirillir ki, bu da sözügedən məlumatların mütəmadi təhlilinin aparılmasına, planlı yoxlamalar zamanı məlumatların təkrar istifadəsinə imkan verir".

Q.Təhməzli qeyd edib ki, son illərdə sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən biri kimi ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində nəzərəçarpan nəaliyyətlər əldə edilib: "Qida Təhlükəsizliyi Agentliyi olaraq, bizim də əsas vəzifəmiz qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə nəzarəti həyata keçirmək, bu istiqamətdə beynəlxalq təcrübənin öyrənilməsi ilə mövcud standartları beynəlxalq tələblərə uyğunlaşdırmaqdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qida təhlükəsizliyi sahəsində rəqəmsal həllərin tətbiqi yeni imkanlar yaradır, bu sahədə ənənəvi nəzarət sisteminin müasir texnologiyalar, rəqəmsal və innovativ həllərlə əvəzlənməsi daha effektiv sistemin qurulmasında mühüm rol oynayır. Bu məqsədlə AQTA tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının qorunması sahəsində nəzarət tədbirlərinin təşkili kimi bir sıra sahələrdə innovativ texnologiyalardan geniş istifadə edilir".

Onun sözlərinə görə, ötən ilin sonundan etibarən ölkəmizdə qida təhlükəsizliyi mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin Bakı və Sumqayıt şəhərləri, həmçinin Abşeron rayonu ərazisində tətbiqinə başlanılıb: "Sistem Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə əməkdaşlığı çərçivəsində yaradılıb. Heyvanların İdentifikasiyası və Qeydiyyat Sistemi hər bir heyvanın və heyvandarlıq məhsullarının “fermadan süfrəyədək” izlənməsinə imkan verdiyi üçün qida təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Sistemdə heyvanın keçirdiyi xəstəliklər, o cümlədən ona nə zaman və hansı peyvəndlərin vurulduğu, hansı baytarlıq preparatlarından istifadə edildiyi və s. barədə məlumatlar yer alacaq. Bundan əlavə, sistem vasitəsilə peyvəndlənmədən sonra gözləmə dövrünü, eləcə də müalicə üçün istifadə edilən dərman preparatlarının aktiv maddələrinin heyvanın orqanizmindən xaric olma müddətini izləmək mümkün olacaq".

Son xəbərlər

Orphus sistemi