Yuxarı
    Bağlamaq

    Prezident İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının təqdimatında iştirak edib

    Dövlət başçısı “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” MMC-nin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdimatında iştirak edib.

    "Report" xəbər verir ki, “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının yaradılmasına 2016-cı ilin mayında başlanılıb və cari ilin oktyabrında inşaat işləri başa çatdırılıb. Təsərrüfatın ümumi ərazisi 151 hektardır. Burada məhdud məsuliyyətli cəmiyyət üçün inzibati bina, tutumu 2 min ton olan anbar yaradılıb. Həmçinin 250 kvadratmetr sahədə texnika üçün park inşa edilib, kartof, soğan, kök və digər tərəvəz məhsullarının təmizlənməsi, yuyulması, qurudulması, çeşidlənməsi və qablaşdırılması üçün ərazisi 600 kvadratmetr olan istehsal sahəsi yaradılıb və müxtəlif növ 11 maşın-mexanizm alınıb.

    Dövlət başçısına məlumat verilib ki, burada istehsal edilən məhsullar ilkin olaraq daxili bazar üçün nəzərdə tutulub. Kəndli fermer təsərrüfatının 15 hektar əkin sahəsində süni yağışyağdırma üsulunun (pivot) tətbiqi ilə suvarma sistemi yaradılıb. Təsərrüfatda 170 nəfər işlə təmin ediləcək. Burada, həmçinin mütəxəssislərin hazırlanması üçün Əkinçilik Tədris Mərkəzi fəaliyyət göstərəcək.

    Sonra Prezident İlham Əliyev “Birinci Şıxlı Kəndli Fermer Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

    Müəssisə kollektivinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər, bu cür müəssisələrin rayonun inkişafında, o cümlədən yeni iş yerlərinin yaradılmasında mühüm rol oynadığını vurğulayıblar.

    Sonda xatirə şəkli çəkdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi