Yuxarı
    Bağlamaq

    Parlament "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsinə başlayıb

    Dəyişikliklər edilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub

    Bakı. 17 aprel. REPORT.AZ/ Bu gün Milli Məclisin Aqrar siyasət Komitəsinin iclasında "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi ikinci oxunuş üçün müzakirəyə çıxarılıb.

    "Report" xəbər verir ki, Komitənin üzvü Eldar Quliyev Milli Məclisin plenar iclasında qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səsləndirilən təkliflərinin nəzərə alındığını və qanun layihəsinin daha da təkmilləşdirildiyini açıqlayıb.

    Onun sözlərinə görə, qanun layihəsi ölkə əhalisinin ərzaq təhlükəsziliyinin təmin edilməsi üçün həyata keçirilən aqrar siyasətin tərkib hissəsi olan kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Bundan başqa, kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri ilə məhsul istehsalçıları, dövlət və yerli özünüidarə orqanları, digər fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyəcək.

    Qeyd edək ki, təkliflərdən sonra qanun layihəsinə 8 yeni müddəa əlavə edilib, 2 maddə və 4 müddəa çıxarılıb, 17 maddədə 50-yə yaxın dəyişiklik olunub. Dəyişikliklərə əsasən, rayonlarda (şəhərlərdə) və ya regionlarda və kəndlərdə (bələdiyyə ərazilərində) informasiya-məsləhət xidməti mərkəzləri və təşkilatları respublika informasiya-məsləhət xidməti mərkəzinin tərkib hissəsi kimi və ya sərbət fəaliyyət göstərən qurum kimi yaradılır.

    Habelə, qanun layihəsinə görə, kənd təsərrüfatı informasiya-məsləhət xidməti sistemi dövlətin aqrar siyasətinin həyata keçirilməsi, kənd təsərrüfatı məhsulları istehsalının və kənd yerlərinin inkişafı məsələləri üzrə metodiki və tövsiyə xarakterli sənədlər hazırlayır, nəşr etdirir və yayır. Həmçinin xidmət elmi müəssisələr tərəfindən yerinə yetirilmiş elmi-texniki məhsullar üzrə informasiyaları və dövlət informasiya ehtiyatlarını toplayır və təqdim edir.

    İclasda qeyd olunan dəyişiklikdə eyni zamanda, kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin subyektləri müəyyənləşdirilib. Beləliklə, icra hakimiyyəti orqanı - respublika informasiya-məsləhət xidməti mərkəzi, rayon (şəhər) və ya region və kənd informasiya-məsləhət xidməti mərkəzləri və bələdiyyə orqanları xidmətin subyektləri sayılır.

    Komitənin iclasında bildirilib ki, qanun layihəsi günün tələblərindən irəli gəlir və ölkədə kənd təsərrüfatının inkişafına, məhsuldarlığın artırılmasına xidmət edəcək, o cümlədən gələcəkdə ərzaq təhlükəsizliyinin təminatında zəruri rol oynayacaq.

    Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi