Pandemiya və arıçılıq təsərrüfatları: Müsbət və mənfi təsirlər

Pandemiya və arıçılıq təsərrüfatları: Müsbət və mənfi təsirlər Azərbaycanda qədim təsərrüfat sahələrindən biri də arıçılıq məhsullarının istehsalı sahəsidir. Xüsusən bölgələrdə arının bal və digər məhsullarının hazırlanması və satışı ilə məşğul olan çoxlu sayda təsərrüfatlar fəaliyyət göstərir. Belə olan halda ölkədə yayılan pandemiya və bununla əlaqədar tətbiq edilən izolyasiya tədbirləri arıçılıq təsərrüfatlarının iş prinsipinə necə təsir edib?
ASK
21 May , 2020 12:58
Pandemiya və arıçılıq təsərrüfatları: Müsbət və mənfi təsirlər

Azərbaycanda qədim təsərrüfat sahələrindən biri də arıçılıq məhsullarının istehsalı sahəsidir. Xüsusən bölgələrdə arının bal və digər məhsullarının hazırlanması və satışı ilə məşğul olan çoxlu sayda təsərrüfatlar fəaliyyət göstərir. Belə olan halda ölkədə yayılan pandemiya və bununla əlaqədar tətbiq edilən izolyasiya tədbirləri arıçılıq təsərrüfatlarının iş prinsipinə necə təsir edib?

Azərbaycan Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov “Report”a verdiyi açıqlamasında arıçılıq sektorunda olan problemləri və karantin rejimi nəticəsində yarana biləcək təsirləri şərh edib.

Assosiasiya sədri qeyd edib ki, karantin rejiminin ilkin mərhələsində arıçılar tətbiq edilən qaydalara öyrəşməkdə çətinliklər yaşayıblar:

“Pandemiyanın arıçılığa təsiri karantin rejiminin başlanğıcında özünü bir müddət biruzə verdi. Belə ki, arıçılar arıxanalara getməkdə çətinlik çəkirdilər. Arıçılıqla məşğul olanların əksəriyyəti kənd adamları olduğuna görə SMS-lə icazə və digər məsələlər onlara bir qədər yad görünürdü. Lakin getdikcə arıçılar bu qaydalara adaptasiya oldular və bu cəhətdən elə də böyük problemlər yaranmadı. Yaşı 65-dən yuxarı olan arıçılar evdən çıxa bilmədiklərinə görə onların nəzarətsiz qalan təsərrüfatlarında müəyyən problemlər oldu. Nəzərə alaq ki, bizdə yaşı 65-dən yuxarı olan arıçıların sayı az deyil. Biz dəfələrlə müxtəlif instansiyalara bu problemlə bağlı müraciət edərək arıçının öz arıxanasına və meşəyə, yəni təcrid olunmuş yerlərə getdiyini izah etməyə çalışdıq”.

B.Həsrətov məhdudiyyətlərə baxmayaraq arı məhsullarının satışının artdığını bildirib:

“Satışla bağlı vəziyyət bir qədər yaxşılaşdı və arının tək bal deyil, digər məhsullarının da alıcıları çoxaldı. İnsanlar bu dövrdə immun sistemini gücləndirmək və sağlam qidalanmaq haqqında daha çox düşündükləri üçün arı məhsullarına tələbat artdı. Bu ay bal satışı keçən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 20% artdı. Mağazalarda da bal satışında da elə bir problem yaranmadı. Çünki mağazalarda bal satanlar əsasən illərlə bu işlə məşğul olan iri firmalardır. Bu firmalar da icazə əsasında öz fəaliyyətlərini davam etdirirdilər və problem yaşamadılar. Həmin firmalar bölgələrdən də malı tədarük edib mağazalara çatdırırdılar”.

Nəzərə alaq ki, istənilən iri təsərrüfat sektorunda inkişaf yolunda dünya bazarlarında genişlənmək də prioritet məsələlərdən sayılır. Bu baxımdan koronavirusun yayılması bir çox təsərrüfatlar kimi arıçılıq təsərrüfatı üçün də düşərli olmayıb. Assosiasiya sədri bu dövrdə ixracla bağlı böyük çətinliklər yaşandığını bildirib. Sədr, eyni zamanda, əvvəllər də ixracla bağlı problemlər olduğunu vurğulayıb:

“Ümumilikdə arıçılıq məhsullarının ixracı ilə bağlı böyük çətinliklər yaşayırıq. Biz xarici ölkələrə bal ixrac edərkən onlar bizdən lazımi göstəricilər üzrə analizlər tələb edirlər. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə bal analizini apara və həmin göstəriciləri təqdim edə bilmir. Məsələn, Birləşmiş Ərəb Əmirlikləri bizdən tələb edir ki, balda elektrik keçiriciliyinin səviyyəsini və ya vahid həcmdə olan kütlə payını göstərək. AQTA isə bunu göstərə bilmir. Yaxud şəkərin tərkibindəki qlükoza ilə früktozanın ayrı-ayrılıqda miqdarını göstərməyi istəyirlər ki, bunu bizim laboratoriyalar edə bilmir. Bu çətinliklərə görə biz balı analiz üçün Türkiyəyə göndəririk, oradan cavablar gələndən sonra ixrac edirik. Bu isə əlavə xərc aparır. Ona görə də ixrac bizim üçün böyük bir problemdir. Əvvəllər Yaponiyaya ildə 6-8 ton bal ixrac edirdik. Qeyd etdiyim analizləri apara bilmədiyimizə görə, artıq 2019-cu ildə Yaponiyaya bal ixrac edə bilmədik. Nəticədə ordakı bazarı itirdik.

Karantin dövründə isə ixrac barədə ümumiyyətlə düşünə bilmədik. Bu dövr ərzində Türkiyəyə balı analizə göndərməklə bağlı çətinliklər yarandı. Nəticədə hazırda ixrac tamamilə dayanmış vəziyyətdədir”.

Ümidverici haldır ki, B.Həsrətovun proqnozuna görə bu il arıçılıq təsərrüfatlarında bol məhsul olacaq:

“Azərbaycanda arıçılıq əsasən dağlıq rayonlarda yayılıb. Mayın axrından avqustun sonuna qədər bal süzümü dövrü olur. Bu dövrdə arıçılar ballarını əsasən turistərə satırdılar. Karantin davam edərsə arıçılar bu satışlardan məhrum ola bilərlər. Lakin qeyd edim ki, bu il yaxşı və bol məhsul olacaq. Çünki karantin rejimi ekoloji vəziyyətin yaxşılaşmasına müsbət təsir göstərdi. Avtomobil hərəkətinin azalması, istehsalat sahələrinin dayanması nəticəsində ekologiyada bir növ yenidən canlanma baş verdi. Düşünürəm ki, bunun arıçılığa müsbət təsiri olacaq”.

Lakin sən demə arıçıların problemləri təkcə pandemiya ilə yekunlaşmır. B.Həsrətovun qeyd etdiyinə görə son dövrlərdə bazara xaricdən daha ucuz qiymətdə bal gətirilməsi yerli məhsulların satışına mənfi təsir edib:

“Son dövrlər Azərbaycana xarici ölkələrdən qiyməti yerli məhsullardan daha ucuz, lakin keyfiyyəti də daha aşağı olan kütləvi bal idxalı başladı. İki ildir ki, bu proses daha da sürətlənib. Bu idxalı yaratdığı problemlərlə bağlı bir sıra dövlət qurumlarına da müraciət etmişik. Dünyanın müxtəlif ölkələri yerli məhsulların satışını təşviq etmək üçün idxal rüsumlarını qaldırırlar. Türkiyədə, İsraildə, Xorvatiyada bu kimi təcrübə mövcuddur. Avstraliya ümumiyətlə, bal idxal eləmir. Onlar daxili istehsalı qoruyub inkişaf elətdirir və ixracla məşğul olurlar. İstəyərdik ki, ölkəmizdə də bu təcrübədən istifadə olunsun. Çünki bizdə bu sektor hələ ayaqüstə durmağı tam bacarmayıb və xarici istehsalçılarla rəqabətdə dayanıqlılıq göstərə bilmirik. Belə getsə yaxın illərdə arıçılığa olan maraq və arıçıların sayı azalacaq. Hazırda bir çox arıçının balı anbarlarında qalıb və onlar məhsullarını sata bilmirlər. Çünki ölkəyə daha ucuz qiymətə bal çeşitləri daxil olub.

Arıçılıq strateji bir sahədir və təkcə bal istehsalı demək deyil. Arıçılıq həm də ekologiyanın inkişafı, təbiətdə tozlanmanın artması deməkdir. Dünya ölkələrində arıçılığa bu nəzər nöqtəsindən baxırlar. Elə ölkə var ki, arıçıdan balı baha qiymətə alır, satışını isə ucuz qiymətə edir ki, ölkədə arıçılıq inkişaf etsin, tozlanma getsin, məhsuldarlıq artsın. Çünki təbiətdə çarpaz tozlanmanın 80%-ni bal arısı aparır. Arı olmasa tozlanma getmir və ekoloji zəncir qırılır. Ona görə də bu sahəni qorumalıyıq. Bu da idxalı məhdudlaşdırmaqla mümkündür. Monitorinq etsək xaricdən gətirilən həmin bal çeşitlərinin keyfiyyətli olmadığını görə bilərik. Biz assosiasiya olaraq bir dəfə belə bir araşdırma aparmışıq və analoji nəticənin şahidi olmuşuq. Qeyd edim ki, karantin dövründə ixrac dayansa da, xaricdən bal idxalı davam edirdi”. 

Son xəbərlər

Orphus sistemi