Pandemiya meyvə-tərəvəz istehsalına və ixracına necə təsir edib?

Pandemiya meyvə-tərəvəz istehsalına və ixracına necə təsir edib? Azərbaycanda kənd təsərrüfatının önəmli sütunlarından biri meyvəçilik və tərəvəzçiliksahəsidir. Meyvə-tərəvəz istehsalı və ixracı kollektiv əmək nəticəsində başa gəldiyi üçün koronavirus pandemiyası dövründə bu sahədə də müəyyən məhdudiyyətlər tətbiq edil
ASK
27 İyul , 2020 13:38
Pandemiya meyvə-tərəvəz istehsalına və ixracına necə təsir edib?

Azərbaycanda kənd təsərrüfatının önəmli sütunlarından biri meyvəçilik və tərəvəzçilik sahəsidir. Meyvə-tərəvəz istehsalı və ixracı kollektiv əmək nəticəsində başa gəldiyi üçün koronavirus pandemiyası dövründə bu sahədə də müəyyən məhdudiyyətlər tətbiq edildi. Bundan başqa, paytaxt Bakı ilə regionlar arasında hərəkətə məhdudiyyət qoyuldu. Bəs bütün bunlar meyvəçiliyə və tərəvəzçiliyə necə təsir edib? 

"Report" bununla bağlı aidiyyəti şəxslərin fikirlərini öyrənib. 

 Bəşir Quliyev
 Bəşir Quliyev

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyevin sözlərinə görə, pandemiya təmsil etdiyi sahəyə ciddi təsir etməyib: “Keçən illə müqayisədə meyvə-tərəvəz istehsalının həcmi və valyuta dəyərində ixrac artıb. Amma xarici bazarlarda, xüsusilə Rusiya bazarında qiymətlər çox aşağı olub. 

Hökumət pandemiya dövründə kənd təsərrüfatı üçün çox gözəl şərait yaratdı. Ciddi məhdudiyyətlər qoyulmadı. Bağlarda, istixanalarda bütün kənd təsərrüfatı işçilərinin çalışması təmin olundu. Yeni elektron kənd təsərrüfatı informasiya sisteminin istifadəyə verilməsi, onlayn subsidiyalara müraciət, kartlara pulun ödənilməsi fermerlərin işini qat-qat rahatlaşdırdı. Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətini çox yüksək qiymətləndirmək lazımdır. Elektron informasiya sistemi, yeni subsidiya sistemi, prezidentin bu istiqamətdə verdiyi fərmanlar çox yaxşı işlədi. Bunların nəticəsində meyvə-tərəvəz istehsalı sektoru pandemiya dövrünü çox yaxşı keçirdi. Sektorda heç bir problem olmayıb. Dövlət orqanlarının hamısı kənd təsərüfatında heç bir problem yaranmamasına nəzarət etdilər. Kənd təsərrüfatı nazirinin özü hər həftə bir rayonda idi. Hətta elə edirdilər ki, karantin dövründə fermerlərin, kənd təsərrüfatı ilə məşğul olan işçilərin hərəkətinə məhdudiyyət yaranmasın. Hər dəqiqə bizimlə əlaqədə saxlayırdılar”.

Nicat Nəsirli
Nicat Nəsirli

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli isə diqqəti bu dövrdə fermerlər üçün yaranmış bəzi çətinliklərə yönəldib: “Pandemiya təzə başlayanda, yəni mart ayında yaz dövrü olduğu üçün bəzi çətinliklər yaşandı. Bu çətinliklər mərkəzi şəhərlərdə yaşayan insanların regionlarda olan təsərrüfatlarına getmələri ilə bağlı ləngimələr yaratdı. Vaxtında müəyyən aqrotexniki qullaqlar həyata keçirmək üçün icazələrin alınmasında müəyyən ləngimələr yaşandı.  Buna baxmayaraq, mövsümün əlverişli keçməsi, yağıntıların olması və kəskin istilərin olmaması nəticəsində optimal vaxtda bu qulluqlar başa çatdırıldı. Sonrakı dövrdə məhsulun kütləvi yığımı başladı. Artıq məhsullar böyük bazarlara gəlməli idi. Karantin postlarında fərdi nəqliyyat vasitələrində bu yüklərin daşınmasına qadağa tətbiq edilirdi. Bu isə ümumi yük dövriyyəsinə təsirini göstərdi. Çünki bizdə bölgələrdə təsərrüfatla məşğul olanlar istehsal etdikləri məhsulu gecələr öz fərdi nəqliyyat vasitələrinə yükləyib səhərə yaxın Bakı, Sumqayıt bazarlarına gətirirdilər. Bu zaman bazara eyni vaxtda bir neçə bölgədən məhsul daxil olduğuna görə qiymətlərin kəskin ucuzlaşması müşahidə edilirdi. Fermerlərimizin çoxu böyük yük avtomobillərini əldə edə bilmədilər”.

Onun sözlərinə görə, çətinliklərə baxmayaraq bazarda meyvə-tərəvəz məhsullarının qiyməti kəskin artmayıb: "Emal olunmamış kənd təsərrüfatı məhsullarının bazarda baha olduğunu deyə bilmərik. Əhalinin əsas istehlak etdiyi məhsullardan biri kartofdur. Kartofun bu gün qiyməti pərakəndə bazarda maksimum 50-60 qəpik arasında dəyişir. Pomidorun da qiyməti kifayət qədər normaldır. Son bir həftədə ən çox alınan Xaçmaz pomidoru 1 manat 40 qəpikdən 70 qəpiyə qədər ucuzlaşıb. Digər məhsulların da qiymətində stabilləşmə var. Kənd təsərrüfatı məhsullarının qiyməti pandemiya faktoruna baxmayaraq insanlar üçün əlçatan hesab oluna bilər. Lakin pandemiya ümumi kənd təsərrüfatı məhsullarının sürətli dövriyəsinə təsir edib. Bildiyimə görə, kənd təsərrüfatı məhsullarımızın xaricə ixracı ilə bağlı hər hansı ləngimə yoxdur. Lakin bəzi sahibkarlarımız pandemiya faktorunu nəzərə alaraq o məhsulların xarici bazarlara deyil, daxili bazarlarda realizasiyasına start veriblər.

Açıq sahə tərəvəzçiliyi bir neçə gündən sonra başlayacaq və gözləyirik ki, bu qiymətlərə ciddi təsir göstərəcək. Meyvəçilikdə isə tezyetişən sortların və tumlu meyvələrin yığımı başa çatıb. Gilas, gavalı, ərik kimi tumlu meyvələr demək olar ki, keçən ilki qiymətlə bazara çıxarıldı və ciddi bahalaşma olmadı. Bundan sonra açıq sahə tərəvəzçiliyində kütləvi yığım, bostan məhsullarının yığımı və sentyabrdan etibarən gec yetişən meyvə sortlarının yığımı prosesini gözləyirik. Karantin rejimində yumşalmaların getməsi aqrar sektorda da hərəkətliliyə, mal dövriyəsinə təsirini göstərəcək. Bu günə qədər olan təhlillərə əsasən deyə bilərik ki, pandemiya aqrar sektorda nonsens vəziyyəti yaratmayıb. Hazırda pambıq sahələrində aktiv ikinci vegetasiya suvarması, alaqlara qarşı kultivasiya aparılması və digər mühüm tədbirlər gedir. Görülən tədbirlər nəticəsində regionlarımızda fermerlərimizin fəaliyyəti tam təmin olundu. Ləngimələr olmadı. Yalnız keçən ildən müşahidə etdiyimiz bəzi faktorlar bu il də baş verdi. Kəskin iqlim dəyişmələri baş verdi və  təsərrüfat suyu ilə təminatda ciddi çatışmazlıq yarandı. Bu gün pandemiyadan çox quraqlığın kənd təsərrüfatına mənfi təsirləri haqqında danışırıq. Pandemiya nə vaxtsa bitsə də, səhralaşma prosesi hələ bizim çox vaxtımızı alacaq. Odur ki, bu məsələ ilə daha ciddi məşğul olmaq lazımdır".

Son xəbərlər

Orphus sistemi