Orxan Məmmədov: “Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub”

Orxan Məmmədov: “Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub” “Ötən dövrlərin statistikasına əsasən, kənd təsərrüfatı sektorunda istehsal olunmuş mal və xidmətlərin ümumi dəyərinin 70%-dən çox hissəsini KOB-lar yaradıb və bu kateqoriyadan olan bizneslər bu il sektorda əsas kapitala 190 milyon manata qədər investisiy
ASK
24 Noyabr , 2022 12:14
Orxan Məmmədov: “Bu il KOB-lar aqrar sektora 190 milyon manat investisiya qoyub”
Orxan Məmmədov

“Ötən dövrlərin statistikasına əsasən, kənd təsərrüfatı sektorunda istehsal olunmuş mal və xidmətlərin ümumi dəyərinin 70%-dən çox hissəsini KOB-lar yaradıb və bu kateqoriyadan olan bizneslər bu il sektorda əsas kapitala 190 milyon manata qədər investisiya yatırıb”.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov “Məsləhət xidmətləri, yeni dəyər zənciri modellərinin yaradılması və aqroturizmin inkişafı vasitəsilə yerli ərzaq istehsalçılarının və aqro-biznes sahibkarlarının təşviqi” layihəsinə dair konfransda bildirib.

“Ərzaq təhlükəsizliyində əhəmiyyəti nəzərə alınaraq, KOBİA aqrar sektorda fəaliyyət göstərən biznes subyektlərinin inkişafına xüsusi diqqət yetirir. Apardığımız təhlillərin və keçirilmiş sahəvi görüşlərin nəticəsinə əsasında söyləyə bilərik ki, aqrar sığorta mexanizminin tətbiqi, suvarma suyu ilə bağlı çətinliklər, keyfiyyətli aqronom və digər məsləhət xidmətlərinə əlçatanlıq, subsidiya və digər maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac, qida təhlükəsizliyi sahəsində sənədləşdirmə prosedurlarında çətinlik, texnoloji avadanlıqların köhnəlməsi, bazarlara çıxış və s. aqrar sahədə fəaliyyət göstərən sahibkarları narahat edən başlıca məsələlərdəndir. KOBİA mandatı çərçivəsində müxtəlif sektorlarda, o cümlədən aqrobiznes sferasında fəaliyyət göstərən bizneslərə bir sıra dəstək mexanizmləri təqdim edir. Onların sırasında daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsi, təcrübə mübadiləsi proqramı və digərlərini qeyd etmək olar”, - deyə o, qeyd edib.

Xatırladaq ki, bu, İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD), “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi (CED) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” adlı  layihənin bağlanış tədbiri idi. Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınmış bu layihədən 3000 fermer və onların ailələri, 500 gənc kişi və qadın, 10000 yerli icma sakini, 4000 ekoturizm istifadəçisi, tələbə və turistlər faydalanıb. Layihənin əsas məqsədi yerli qida potensialının artırılmasına və yerli aqrar məsləhət xidmətlərinin keyfiyyətinin yüksədilməsinə nail olmaqdır.

Son xəbərlər

Orphus sistemi