“
Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Bildirilib ki, fermerlər və sahibkarlar regional nümayəndəliklərdən karbamid gübrələrini asanlıqla əldə edə bilərlər.
Qeyd edək ki, “Aqrolizinq” ASC ilə “SOCAR Karbamid” MMC arasında 25 min ton karbamid gübrəsinin alınması üçün müqavilə bağlanılıb. Müqavilənin bağlanması Cəmiyyət tərəfindən 2018-2019-cu əkin ili üzrə qeydə alınan və 2019-2020-ci əkin ilində proqnozlaşdırılan əkin sahələrinin karbamid gübrəsinə olan tələbatın hesablanması əsasında həyata keçirilib.
İyulun 15-də “SOCAR Karbamid” MMC-nin direktoru Xəyal Cəfərov və “Aqrolizinq” ASC-nin sədri Elmin Rəhmanovun iştirakı ilə karbamid məhsulunun ilk alış-satışı həyata keçirilib.
Məlumata görə, artıq Cəmiyyət tərəfindən gübrələrin güzəştli satışa çıxarılmasını təmin etmək məqsədi ilə karbamid gübrəsinin bütün regional nümayəndəliklərinə və rayon bölmələrinə daşınması həyata keçirilir: "Fermer təsərrüfat subyektlərinin rəhbərləri və sahibkarlar bütün regional nümayəndəliklərinə və rayon bölmələrinə müraciət edərək adıçəkilən gübrələri asanlıqla əldə edə bilərlər.
“Aqrolizinq” ASC tərəfindən əlavə olaraq gübrələmə mövsümündə bölmələrimizdən uzaq məsafələrdə yerləşən kəndlərdə karbamid gübrəsinin səyyar satışı da həyata keçiriləcək.
Məhsul istehsalçılarının nəzərinə çatdırırıq ki, yerli istehsal olan karbamid gübrəsi ötən illərdə xarici ölkələrdən gətirilən gübrələrdən daha ucuz qiymətə satılacaq ki, bu da ölkədə istehsal edilən kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı düşməsinə, məhsuldarlığının artmasına, ərzaq təhlikəsizliyinin təmin olunmasına və daxili bazarda satışa çıxarılan keyfiyyətli məhsulların istehsalının artımına səbəb olacaq",- məlumatda qeyd edilib.
Qeyd edək ki, azot gübrələri kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını yüksəltməkdə həlledici rol oynayır. Bu gübrələr bütün torpaq-iqlim zonalarında yüksək effektivliyi ilə fərqlənir. Əksər mineral azot gübrələri suda yaxşı həll olunur, torpaqdan asan yuyulur. Azot gübrələrindən ammonyak nitrat və karbamid daha geniş yayılıb.
Karbamid azot gübrəsidir, tərkibində 46% azot elementi var, suda asan həll olur, əsasən erkən yaz vaxtı əlavə yemləmələrdə, səpinlə birgə və bütün növ bitkilərin vegetasiya dövründə tətbiq edilə bilər. Azotlu gübrə olduğu üçün bitkilərdə yaşıl kütlənin artımına xidmət edir. Tərkibindəki azot nitratlar şəklində deyil, amidlər şəklində olduğu üçün bitkilərə daha xeyirlidir və daha yaxşı mənimsənilir. Karbamid gübrəsi həm qranullar şəklində, həm də suda həll olunmaqla tətbiq olunduğu üçün bitkilər tərəfindən həm torpaq, həm də yarpaqlar vasitəsi ilə mənimsənilə bilir. Yüksək hiqroskopikliyə malik olub, nitrifıkasiya prosesi keçdikdən sonra torpaq reaksiyanın turşuluğunu artırır, bu səbəbdən də turş olmayan torpaqlar üçün məsləhət görülür.
Dünya təcrübəsində azot gübrəsi olaraq ammonium nitrat gübrəsinin istifadəsi artıq xeyli azalmaqdadır. Karbamid gübrəsi daha effektiv, daha ziyansız və ən əsası yerli istehsal olduğu üçün, məqsədimiz sözügedən gübrələrin daha geniş tətbiqinin təbliğatını aparmaqdır.