Yuxarı

Nazirlik: Azərbaycanda idxal gübrəsinin qiymətində artım olmayacaq

Heydər Əsədov: Ölkəyə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov ölkəyə gübrə idxal edən şirkətlərin nümayəndələri və müvafiq qurumların rəhbərləri ilə görüşüb. 

“Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nazir Azərbaycanda fermer və sahibkarların gübrəyə olan tələbatı barədə toplantı iştirakçılarına geniş məlumat verib.

Nazir bildirib ki, cari ildə ölkəyə tələbata müvafiq olaraq kifayət qədər gübrə gətirilib və kənd təsərrüfatı sahəsində, ümumilikdə ehtiyatda olan gübrələrin satışında vahid qiymət siyasəti yeridilməlidir. Nazir şirkət rəhbərlərinə xatırladıb ki, bu gün ölkəyə gətirilən gübrələr manatın keçmiş kursu ilə alındığına görə heç bir qiymət artımından söhbət gedə bilməz. Gübrələr öz keyfiyyətinə görə müasir standartlara cavab verməli və kənd təsərrüfatı məhsulları istehsalçılarına 70% güzəştlə “Aqrolizinq” ASC-nin rayon aqroservis filiallarında, həmçinin şirkətlərin satış məntəqələrindən satılmalı, eyni zamanda, qiymətlər dövlətin müəyyən etdiyi qaydalara müvafiq olaraq sabit qalmalıdır.

Nazir qeyd edib ki, fermerlərin heç biri zərər çəkmədən maraqlarına münasib qiymətləri tənzimlənməlidir. Bu gün fermerlərin gübrəyə olan tələbatı tam ödənilir. Gübrələrin keyfiyyəti Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən laboratoriyalarda ciddi yoxlanılacaq və nazirlik gübrə bazarında qiymətləri tənzimlənməsi üçün vaxtaşırı monitorinqlər keçirəcək.

Şirkətlərin nümayəndələri və qurumların rəhbərləri respublikaya idxal olunan gübrələrin qiymətlərinin tənzimlənməsi üçün öz təkliflərini bölüşüblər və dövlətin bu sahədə apardığı siyasətə dəstək verəcəklərini bildiriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi