Yuxarı

Nazir: "Kənd Təsərrüfatı Nazirliyinin yoxlamaları fermer və ya firmalarla bağlı deyil"

Kənd təsərrüfatı naziri struktur bölmələrin həyata keçirdiyi müayinələrin mahiyyətini açıqlayıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi və ya onun hansısa bir struktur bölmələrinin həyata keçirdiyi yoxlama xarakterli fəaliyyəti yoxlamalar kimi qiymətləndirilməməlidir. "Report"un məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov bu gün jurnalistlərə "sahibkarların yoxlanılmasının dayandırılmasına dair istisna edilən sahələr üzrə siyahıda nazirliyin iki qurumunun olmaması" ilə bağlı sualı cavablandırarkən bildirib.

"Bu, istər Dövlət Baytarlıq Nəzarəti Xidməti, istərsə də Dövlət Fitosanitar Nəzarəti Xidmətinin həyata keçirdiyi vəzifə fəaliyyətdir, yəni o, birbaşa yoxlama deyil, müayinə, baxışdır", - nazir qeyd edib.

"Qeyd edilən strukturların baxışı ayrı-ayrı fermerləri və ya firmaları deyil, konkret məhsulları əhatə edir. Məsələn, baytarlıq sahəsində həyata keçirilən nəzarət konkret baytarlıqla məşğul olan işçiləri və firmaları deyil, ət və ət məhsulları, süd və süd məhsullarına baxışı əhatə edir. Ona görə də yoxlama anlayışını bizim müayinə, baxış anlayışından fərqləndirməliyik. Bu tədbirlər nazirliyin funksional vəzifəsinə uyğun olaraq aidiyyəti proseduralar daxilində həyata keçirilir", - H.Əsədov əlavə edib.

Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi xüsusi yoxlamalar həyata keçirmir və bunu planlaşdırmır. Lakin nazirliyin daxili audit qurumu tərəfindən müəyən hallarda daxili strukturlarında yoxlamalar həyata keçilir: "Məsələn, 2014-cü ildə 6-7 yoxlama həyata keçirilib, onun 3-4-ü istintaq orqanlarına verilib. Bu yoxlamalar ətrafında da düşünəcəyik, onları minimuma endirməyə çalışacağıq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi