Kürdəmirdə xırdabuynuzlu heyvanların tələf olmasının qarşısı alınıb

Kürdəmirdə xırdabuynuzlu heyvanların tələf olmasının qarşısı alınıb Bakı. 2 aprel. REPORT.AZ/ Bir sira Kütləvi İnformasiya Vasitələrində (KİV) Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinova məxsus təsərrüfatda xırdabuynuzlu heyvanların kütləvi tələfolması barədə məlumat yayılıb.
ASK
317
2 Aprel , 2018 10:44
Kürdəmirdə xırdabuynuzlu heyvanların tələf olmasının qarşısı alınıb

Bakı. 2 aprel. REPORT.AZ/ Bir sira Kütləvi İnformasiya Vasitələrində (KİV) Kürdəmir rayonunun Ərəbqubalı kənd sakini Əmrah Şirinova məxsus təsərrüfatda xırdabuynuzlu heyvanların kütləvi tələfolması barədə məlumat yayılıb.

“Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, Kürdəmir Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri ilə birlikdə kənddə araşdırma aparılıb və həmin şəxsi təsərrüfatda 128 baş xırdabuynuzlu heyvan saxlanıldığı, 2 baş xirdabuynuzlu heyvanın öldüyü, 5 başının isə zəifləmiş vəziyyətdə olması müəyyən edilib. Araşdırmalar zamanı rayonun digər təsərrüfatlarında xırdabuynuzlu heyvanların xəstəlikdən kütləvi ölümü qeydə alınmayıb.

Təsərrüfatda ölmüş xırdabuynuzlu heyvanlarda aparılan patoloji-anatomik yarma zamanı heyvanların bağırsaqlarında moniezioz qurdlarının olması müəyyən edilib. Həmçinin tələf olmuş heyvanlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Müayinələr zamanı ölmüş heyvanlardan götürülən nümunələrdə pasterellyoz xəstəlklərinin törədiciləri aşkar edilib.

Nazirlər Kabinetinin 7 mart 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən, heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı"nda pasterellyoz xəstəliyi qeyd edilmədiyindən bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri heyvan sahibinin hesabına aparılır.

Laboratoriya müayinələrinin nəticələri nəzərə alınaraq təsərrüfatda saxlanılan 3 aylıqdan yuxarı 98 baş sağlam xırdabuynuzlu heyvanlar pasterellyoz əleyhinə vaksini ilə peyvənd edilmiş, dehelmintizasiya aparılmış, həmçinin təsərrüfatda dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirləri həyata keçirilib. Aparılmış peyvəndləmə və profilaktik tədbirlərdən sonra təsərrüfatda xırdabuynuzlu heyvanların ölümü dayanıb.

“DBNX heyvan sahiblərinin nəzərinə çatdırır ki, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya və zoogigiyenik tələblərə cavab verən şəraitdə saxlanmalı və bəslənməlidir. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Hazırda respublikada heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil, epizootik vəziyyət sabitdir”, - məlumatda qeyd olunub. 

Son xəbərlər

Orphus sistemi