Kürdəmirdə quşların tələfolma səbəbləri məlum olub

Kürdəmirdə quşların tələfolma səbəbləri məlum olub Araşdırmalar zamanı təsərrüfat sahibinin özbaşına dərman preparatları alması və quşlara verməsi müəyyən olunub
ASK
17 Aprel , 2017 18:32
Kürdəmirdə quşların tələfolma səbəbləri məlum olub

Bakı. 17 aprel. REPORT.AZ/ Kürdəmir rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatındakı 2 aylıq quşlar tələf olması faktı araşdırılıb. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (DBNX) "Report"a daxil olan məlumata görə, Kürdəmir Rayon Baytarlıq İdarəsinin əməkdaşları quşlar arasında tələfatın yalnız rayonun Sığırlı kənd sakini Mahir Həsənovun təsərrüfatında baş verdiyini müəyyən ediblər. Rayonun digər təsərrüfatlarında isə xəstəliklərdən kütləvi ölüm halı qeydə alınmayıb. Həmçinin araşdırmalar zamanı təsərrüfat sahibinin özbaşına, baytar həkiminə müraciət etmədən baytarlıq aptekindən müxtəlif dərman preparatları alması və quşlara verməsi müəyyən olunub.

Tələf olmuş quşlar baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib, həyət və toyuq hini dezinfeksiya edilib.

Ölən quşlardan nümunələr götürülərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Respublika Baytarlıq Laboratoriyasında aparılan müayinənin nəticəsinə əsasən quşların zəhərlənmədən və koksidioz xəstəliyindən tələf olması müəyyən edilib. Patoloji-anatomik yarma zamanı isə quşların bağırsaqlarında külli miqdarda askarid qurdları aşkar olunub.

Dövlət Baytarlıq Nəzarəti Xidməti əhalinin və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ev quşlarında, heyvanlarda özbaşına müalicə-profilaktika tədbirləri aparılmamalı, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdır. Həmçinin, tövsiyə olunur ki, heyvanlarda və quşlarda hər hansı narahatçılıq olarsa vaxtlı-vaxtında sahə baytarlıq məntəqələrinə, rayon (şəhər) baytarlıq idarələrinə müraciət olunsun, bütün müalicə-profilaktika tədbirləri baytar həkiminin iştirakı və nəzarəti altında aparılsın.

Dövlət Baytarlıq Nəzarəti Xidməti aparılan araşdırmaların nəticəsinə əsasən bildirir ki, respublikada quşlar və heyvanlar arasında iti yoluxucu xəstəliklərdən kütləvi tələfolma halları mövcud deyil və epizootoloji sabitliyə tam nəzarət olunur.

Son xəbərlər

Orphus sistemi