"Zəngilan rayonunun Ağalı kəndində yaradılan "Ağıllı kənd"də "ağıllı həllər" nəzərdə tutulub".
Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib.
Onun sözlərinə görə, kənddə müasir şəhərsalma standartları tətbiq olunub: "Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir", - deyə o, qeyd edib.
Nazirlik rəsmisi həmçinin deyib ki, "Ağıllı kənd"in komponentlərindən biri "Teletibb"dir: "Bu, həkimlərlə pasiyentlər arasında müasir texnologiyalarla məsafədən konsultasiyaların aparılmasıdır. Kənddə "Teletibb" xidmətləri müasir proqram təminatı və rəqəmsal avadanlıqla təhciz olunmuş "Tibbi terminal" vasitəsilə təşkil edilir. Bu terminaldakı avadanlıqlar vasitəsilə müxtəlif müayinələr aparılır: məsələn, qanın arterial təzyiqi, ürək ritmi və qanın oksigen təhcizatı, eyni zamanda qanda triqleserin və şəkər ölçülər, steaskopla ürək və ağciyəri dinləmək, elektro kardioskopla ürəyin elektron siqnallarını ölçmək olur. Universal video optik otto-oftalmodermatoskopla qulaq boşluğunun, dəri örtüyünü və göz bəbəyinin görüntüsü əldə edilir. Bu elektron tibb cihazlarından toplanan məlumat xüsusi planşetlə elektron platformaya ötürülür. Teletibb səhiyyə xidmətlərindən istifadə edilməsində zaman və məkan məhdudiyyətini aradan qaldırır. Belə ki, bu xidmət vasitəsilə Ağalı kəndinin sakinləri kəndi tərk etmədən ölkəmizin ən yaxşı həkimlərinin məsləhət və müalicəsinin ala biləcəklər. Bu layihədə həmçinin tibb sahəsində ad qazanmış, ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlı tibb mütəxəssisləri Məsud Aşina, Nani Siyamək, Səid Aşina kimi şəxslər də Ağalı sakinlərinə tibb xidmətləri göstərəcəklər".
V.Hüseynovun sözlərinə görə, kənddə təhsil fəaliyyətinin planlaşdırılması, həyata keçirilməsi və idarə edilməsi üçün “Elektron təhsil” sistemi hazırlanıb: "Bu sistem məktəbdə təhsilin distant və ənənəvi formada təşkili, video-dərslərin keçirilməsi, bilik səviyyəsini qiymətləndirilməsi, valideynlə müəllim heyətinin qarşılıqlı əlaqəsinin təmin olunması üçün geniş imkanlara malikdir. Məktəbin sinif otaqları Ağıllı Lövhələrlə təmin edilib. Bu monitor–lövhələr xüsusi texnoloji imkanlara malik olmaqla tədris prossesini məsafədən və elektron qaydada təşkil etməyə imkan verir. “Elektron təhsil” sisteminə inteqrasiya edilmiş bu löhvələr valideynlərə dərs prosesinin izləməyə, müəllimlərə məsafədən tədrisi həyata keçirməyə şərait yaradır. Lövhələr xüsusi səsə həssas kamera sistemi ilə təchiz olunmuşdur ki, bu da görüntünün sinifdə danışan şəxsə fokuslanmasını təmin etməklə dərs prosesinin təşkilinə fayda verir. Ağalı kənd məktəbi Ümummilli Lider Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin qardaşlaşmış məktəbidir. Yeni açılmış Ağalı kənd məktəbinə Müasir Təhsil Kompleksinin formalaşmış təcrübəsindən yararlanmağa, məktəbdə təhsil alan şagirdlərə qabaqcıl beynəlxalq modelləri istifadə etməklə tədris etməyə imkan verəcək".
O qeyd edib ki, “Ağalı Xidmətlər Mərkəzi" müxtəlif növ dövlət xidmətlərinə vətəndaşların əlçatanlığı və rahat çıxışı məqsədilə hazırlanmış “Ağıllı kənd” komponentidir: "Burda kənd sakinlərinin rahat həyatı və iqtisadi fəaliyyəti üçün lazım olan xidmətlərin rəqəmsal formada təşkilidir".
Qeyd edək ki, "Ağıllı kənd"də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin şöbəsi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlıq və Operativ Sosial Təminat (DOST) Agentliyinin "DOST Mərkəzi", İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) bölməsi - KOB Mərkəzi fəaliyyət göstərəcək.Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.