Yuxarı

Komitə sədri: "Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir"

Göygöldə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Göygöldə Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.

Komitədən "Report"a verilən məlumata görə, tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Gəncə, Naftalan şəhərlərində, eləcə də Samux, Göygöl, Goranboy və Kəlbəcər rayonlarında fəaliyyət göstərən müxtəlif etnik və dini icmaların təmsilçiləri, din xadimləri, ilahiyyatçılar, hüquq mühafizə orqanlarının əməkdaşları, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin Göygöl rayonuna tarixi səfərlərini əks etdirən fotolara baxıblar.

Konfrans dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filminin nümayişi ilə başlayıb.

Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov çıxış edərək bildirib ki, vaxtilə rayonda almanlar tərəfindən salınan küçələr, ictimai və yaşayış binaları, kilsə, hətta onların qəbiristanlıqları belə qorunur. Azərbaycanın hər yerində olduğu kimi, Göygöl rayonunda da bir sıra dini və etnik icmaların nümayəndələri təmsil olunurlar. Rayonda dini və etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin fəaliyyəti Azərbaycan Respublikasının qanunları ilə tənzimlənir.

Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Bu gün isə həmin münasibətlər bütün hüquqi dövlətlərdə olduğu kimi, Azərbaycanda da qanunlarla tənzimlənir. Qeyd olunub ki, ölkə əhalisinin böyük əksəriyyəti İslam dininə etiqad etsə də, Azərbaycan hüquqi, dünyəvi, unitar dövlətdir. Ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir. Azərbaycan Respublikasının ali qanunu dünyanın ən demokratik konstitusiyalarından hesab olunur. Çünki burada beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib. Bu gün Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir.

Diqqətə çatdırılıb ki, Azərbaycan müstəqilliyini bərpa etməmişdən öncə respublikada 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 2100-ə çatıb.

Lakin bununla belə ölkədə yaradılan ictimai-siyasi sabitlik, əldə olunan iqtisadi-sosial tərəqqi bir sıra xarici qüvvələri narahat edir. Respublikanın azad, suveren inkişafına, milli təhlükəsizlik sisteminə təhdid kimi qiymətləndirilən xoşagəlməz halların - terror, dini radikalizm, qeyri-ənənəvi dinlərin, zərərli dini cərəyanların ölkəyə ixrac olunmasına cəhd göstərilir. Bu cür hallara qarşı hər kəs ayıq-sayıq olmalıdır.

Konfransda mövcud təhlükələrin ölkəyə yol tapmaması üçün valideynlərin ailədə, ziyalıların cəmiyyətdə təbliğat aparmalarının zəruriliyi vurğulanıb. Gənc nəslin dini baxımdan daha da bilikli olması üçün məktəblərdə, müxtəlif təhsil müəssisələrində seminarların, təlimlərin təşkil olunmasının əhəmiyyəti qeyd edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi