​1 saylı Kliniki Tibbi Mərkəzdə jurnalistlər üçün "Media tur" təşkil olunub

​1 saylı Kliniki Tibbi Mərkəzdə jurnalistlər üçün "Media tur" təşkil olunub Mərkəz Avropa Oyunları çərçivəsində baza xəstəxana kimi təyin olunub
ASK
19 Dekabr , 2014 17:59
​1 saylı Kliniki Tibbi Mərkəzdə jurnalistlər üçün Media tur təşkil olunub

Bakı.19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən 1 saylı Kliniki Tibbi Mərkəzdə jurnalistlər üçün "Media tur" təşkil olunub.

"Report" xəbər verir ki, mərkəzin baş həkimi Soltan Əliyev xəstəxana haqqında ümumi məlumat verərək bildirib ki, xəstəxana Azərbaycanın ən qədim tibb mərkəzidir. Onun sözlərinə görə, gələn il xəstəxananın fəaliyyətə başlamasının 100 yaşı tamam olacaq: "Təcili və təxirə salınmaz yardım statusu olan xəstəxana rəsmi olaraq Bakı şəhərinə baxsa da, xəstəxanamıza respublikanın hər yerindən gələnlər var".

O həmçinin bildirib ki, Səhiyyə Nazirliyinin büdcəsi əvvəl 80 milyon idisə, hazırda 800 milyon manat təşkil edir, bu da ehtiyacların tam ödənməsinin əsas səbəblərindəndir.

S.Əliyev deyib ki, Mərkəzin 2000 işçisi var, onlardan 500-ü həkim, 800-ü orta tibb işçisi, 700-ü kiçik tibb işçisidir. Tibb müəssisəsində 760-800 çarpayı var.

"Xəstəxana dövlət tərəfindən 170 növ dərmanla pulsuz təmin olunur. İldə 30 mindən çox xəstə gəlir, onların 10 mini əməliyyat olunur", - baş həkim deyib.

S.Əliyev həmçinin qeyd edib ki, 1 saylı Kliniki Tibbi Mərkəz Avropa Oyunları çərçivəsində baza xəstəxana kimi təyin olunub.

Sonra S.Əliyevin rəhbərliyi ilə jurnalistlər xəstəxananın şöbələri ilə tanış olub, geniş məlumat verilib.

Tədbirin sonunda xəstəxananın yeməkləri jurnalistlərə təqdim olunub. S.Əliyev vurğulayıb ki, Mərkəzdən başqa həmçinin 4 xəstəxananın yeməyi məhz 1 saylı Kliniki Tibbi Mərkəz tərəfindən təmin olunur.

Son xəbərlər

Orphus sistemi