​Kənd Təsərrüfatı Nazirliyi sahibsiz heyvanların məhv edilməsi ilə bağlı açıqlama yayıb

​Kənd Təsərrüfatı Nazirliyi sahibsiz heyvanların məhv edilməsi ilə bağlı açıqlama yayıb Qurum yaranmış vəziyyətdən narahatdır
ASK
12 Mart , 2015 09:54
​Kənd Təsərrüfatı Nazirliyi sahibsiz heyvanların məhv edilməsi ilə bağlı açıqlama yayıb

Bakı. 12 mart. REPOERT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi (KTN) son zamanlar ictimaiyyətdə sahibsiz heyvanların məhv edilməsi ilə bağlı yayılmış məlumatlarla əlaqədar narahatlığını bildirir və xüsusi olaraq qeyd edir ki, Azərbaycan BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasına qoşulub və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üzvüdür. Bunu "Report"a KTN-in məbuat xidmətinin rəhbəri Murturzəli Hacıyev bildirib.

Onun sözlərinə görə, heyvanların qorunması və xəstəliklərə qarşı profilaktik tədbirlər mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir: "Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən vəhşi təbiətdə quduzluq xəstəliyi ilə mübarizə məqsədi ilə əlli min doza oral üsulla peyvənd aparılması üçün vaksin alınıb, bu məqsədlə Xidmətin əməkdaşları meşə zonası rayonlarına, həmçinin Bakı və Sumqayıt şəhərlərinə ezam edilib və çevik qruplar yaradılıb. Ölkə üzrə 2014-cü ildə qeydiyyata düşmüş 250 minə yaxın itdə quduzluq xəstəliyinə qarşı peyvəndləmə aparılıb. Bakı şəhər İcra Hakimiyyəti Kommunal Təsərrüfat Departamenti Sanitariya və Texniki Təmizlik İdarəsi tərəfindən sahibsiz itlər küçələrdə tutularaq şəhərin ətrafında xüsusi ayrılmış yerlərə aparılır. Bununla bərabər, itlərin saxlanması məqsədi ilə Bakı şəhəri ərazisində müasir tələblərə cavab verən özəl sığınacaq yaradılıb. Heyvanların mühafizəsi ilə bağlı bir sıra normativ hüquqi sənədlər hazırlanıb. Belə ki, Azərbaycan Heyvanların Mühafizəsi ilə bağlı 1987-ci ildə Strasburqda imzalanmış Konvensiyaya qoşulub, 2007-ci ildə “Heyvanların mühafizəsi haqqında” qanun qəbul olunub. Bununla yanaşı, Nazirlər Kabinetinin 9 mart 2011-ci il tarixli qərarı ilə “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları” təsdiq edilib. “Heyvanların mühafizəsi haqqında” qanuna və “Azərbaycan Respublikasının yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”na uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 126-cı (“Ev heyvanlarının saxlanması qaydalarının pozulması”) maddəsinə cərimələrin artırılması ilə bağlı əlavə və dəyişikliklər edilib".

M.Hacıyev əlavə edib ki, heyvanların, o cümlədən sahibsiz itlərin xəstəliklərinə qarşı profilaktik tədbirlər, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ciddi nəzarət altında, Beynəlxalq Epizootik Büronun standartlarına uyğun həyata keçirilir, biomüxtəliflik və kənd təsərrüfatı mühiti əsaslı və davamlı şəkildə mühafizə olunur. Sahibsiz heyvanların mühafizəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun həyata keçirilir və gələcəkdə də bu işlərin davam etdirilməsi Nazirliyin nəzarətindədir.

Son xəbərlər

Orphus sistemi