​Kənd Təsərrüfatı Nazirliyi: Quşçuluq müəssisələrində monitorinq aparılıb

​Kənd Təsərrüfatı Nazirliyi: Quşçuluq müəssisələrində monitorinq aparılıb Nazirlik: Toyuqların iynə ilə şişirdilib kökəldilməsi barədə məlumatlar istehlakçılarda çaşqınlıq yaradıb
ASK
20 Fevral , 2015 11:37
​Kənd Təsərrüfatı Nazirliyi: Quşçuluq müəssisələrində monitorinq aparılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Azərbaycanda yerli KİV-də broyler toyuqlarının ziyanları, geninin dəyişdirilməsi və iynə ilə şişirdilib kökəldilməsi barədə yayılan xəbərlər istehlakçılar arasında çaşqınlıq yaradıb, bu da quş əti istehsalı ilə məşğul olan müəssisələrin fəaliyyətinə ciddi təsir edib. “Report” xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir: "Quşçuluq fabriklərində bir günlük cücələrin saxlanması, bəslənməsi, böyüdülməsi zamanı istifadə edilən yem məhsulları, qatqıları və əlavələrinin tərkibi genetik modifikasiya olunmuş deyil, əksinə təbii buğda, qarğıdalı, günəbaxan yağı təşkil edir".

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, son günlər bəzi KİV-də toyuqların çəkilərinin onların daxilinə maye vurulmaqla artırılması barədə məlumatlar yayıldıqdan sonra bir daha monitorinqlər aparılıb, satışdan toyuq nümunələri götürülərək laborator müayinədən keçirilib, quş ətinin bütün keyfiyyət göstəricilərinə uyğun olduğu müəyyən edilib.

Məlumatda qeyd olunur ki, hazırda xüsusi maraq dairəsində olan məsələlərdən biri də yerli istehsal hesabına quşçuluq məhsullarına olan tələbatın tam ödənilməsidir. Sənaye quşçuluğunun illik istehsal gücü 100 min tonu ötüb, quş əti istehsalı 2010-cu ilə nisbətən 1,5 dəfə artaraq 2014-cü ildə 99,4 min tona, o cümlədən sənaye üsulu ilə 3 dəfə artaraq 64,1 min tona çatıb. Bu dövrdə yumurta istehsalı 1,3 dəfə artaraq 2014-cü ildə 1,6 mlrd.ədəd təşkil edib. Yerli quşçuluq məhsulları daxili bazarla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur.

Son xəbərlər

Orphus sistemi