Yuxarı

Kənd Təsərrüfatı Nazirliyi fermerlərin şikayəti əsasında dərmanların keyfiyyəti ilə bağlı araşdırma aparıb

Mütəxəssislərdən ibarət komissiya pambıq sahələrinə baxış keçirib

Bakı. 12 iyul. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti (DFNX) fermerlərin Sabirabadda pambıq zərərvericilərinə qarşı istifadə etdikləri dərmanların keyfiyyətindən şikayətləri ilə bağlı araşdırma aparıb.

Xidmətin "Report"a daxil olan məlumatında bildirilir ki, DFNX Sabirabad Rayon Bitki Mühafizə Mərkəzi və Sabirabad Rayonlarası Bioloji Laboratoriyasının mütəxəssisləri iyunun 14-də Sabirabad rayonunun Zəngənə və Yolçubəyi kəndlərinin əkin sahələrinə baxış keçiriblər. Baxış zamanı Yolçubəyi kəndi ərazisində pambıq sovkasının ilk yumurta qoyuluşunun digər ərazilərdən bir qədər tez başlandığı müşahidə olunub. Bu barədə Sabirabad rayonunda fəaliyyət göstərən pambıq qəbulu məntəqələrinə məlumat verilib.

İyunun 20-də isə Sabirabad Rayonlarası Bioloji Laboratoriyasının müdiri Elçin Əhmədov 100 bitkidə 2-3 yumurta, 1-2 tırtıl, 7-8 ədəd xeyirli həşərat olan Qızılgöz entomofaqının yumurtasının olduğunu müəyyən edib və pambıq sovkasının 100 bitkidə sayının iqtisadi ziyanvermə həddinə çatmadığı üçün kimyəvi mübarizənin aparılmasına ehtiyac olmaması barədə pambıq qəbulu məntəqələrinə məlumat verib.

İyulun 9-da Sabirabad rayon Kənd Təsərrüfatı İdarəsinin təşkil etdiyi mütəxəssislərdən ibarət komissiya pambıq sahələrinə baxış keçirməklə araşdırma aparıb.

Baxış zamanı aydın olub ki, iyulun 7-də 4 hektar pambıq sahəsində tətbiq edilən “Emerabano 05 WG” (5%li Emamektin Benzoate) preparatından hər hektara 0,4-0,5 kq istifadə olunacağı halda, hər hektara 0,3 kq istifadə olunub. Dərmanlanma işi sovkanın iqtisadi ziyanvurma həddi nəzərə alınmadan həyata keçirilib. Eyni zamanda, adıçəkilən preparatdan sahə yoxlanılmadan, küləkli şəraitdə və göstərilən normadan az istifadə olunub. Bundan başqa, digər pambıq sahələrinə də baxış keçirilib və sahələrin dərman preparatından və sovkadan ziyan çəkmədiyi müəyyən olunub.

Komissiya üzvləri fermerlərə tövsiyə ediblər ki, sahələrdə dərmanlama işlərini bitki mühafizə mütəxəssislərinin təlimatları əsasında aparmaqları daha məqsədə uyğundur.

Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, fermerlərin dərman preparatı aldıqları “Aqro Kimya” MMC-nin Kənd Təsərrüfatı Nazirliyinə heç bir aidiyyəti yoxdur və özəl şirkət kimi fəaliyyət göstərir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi