Kənd təsərrüfatı naziri Qubada sakinlərlə görüşüb

Kənd təsərrüfatı naziri Qubada sakinlərlə görüşüb Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşları qəbul edib. 
ASK
26 Yanvar , 2018 15:52
Kənd təsərrüfatı naziri Qubada sakinlərlə görüşüb

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Quba Rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan vətəndaşları qəbul edib. 

Bu barədə “Report”a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Məlumata görə, H.Əsədov inzibati binada Dövlət Fitosanitar və Baytarlıq Nəzarəti Xidmətləri üçün yaradılan şəraitlə tanış olub, o cümlədən ən müasir avadanlıqlarla təchiz olunmuş Regional Toxumçuluq və Aqrokimya laboratoriyalarına baxış keçirib. 

Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Qəbula gələn vətəndaşlar, əsasən, subsidiya, torpaqdan istifadə və texnikalarla təminat, ixtisasa uyğun işə qəbul və digər məsələlərlə bağlı müraciətlər ediblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Kənd təsərrüfatı naziri Quba şəhərində “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə də görüşüb. Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan 68 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 2 197 047 manat məbləğində 121 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 869 699 manat güzəşt tətbiq edilib.

Xüsusi Komissiyanın qərarı ilə tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 31 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib və Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb. Müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda “Aqrolizinq”in əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20%-ni ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

İndiyədək 8 510 elektron müraciət üzrə “Aqrolizinq”dən lizinqə götürülmüş 22 148 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 193 867 110 manat məbləğində güzəşt tətbiq olunub.

Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu tərəfindən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi, texnikaların dövlət qeydiyyatına alınması, traktor və digər mexaniki nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi də təşkil edilib. Ümumilikdə, tədbir çərçivəsində 90 nəfərə yaxın mexanizatorun vəsiqəsi dəyişdirilib.

Qeyd edək ki, Baş Dövlət Texniki Nəzarət Müfəttişliyində yaradılmış “Səyyar Xidmət” Qrupu yarandığı qısa müddətdə respublikanın 30-a yaxın rayonunda tədbirlər keçirərək 5 mindən artıq mexanizatorun etibarlılıq müddəti bitmiş sürücülük vəsiqələrinin dəyişdirilməsini təmin edib. Bununla yanaşı, 250-dən artıq nəqliyyat vasitəsi texniki baxışdan keçirilib, 100 nəfərdən çox vətəndaşdan nəzəri imtahan qəbul edilib.

Son xəbərlər

Orphus sistemi