Kənd təsərrüfatı məhsulları istehsalçılarına 25% avans ödəniləcək

Kənd təsərrüfatı məhsulları istehsalçılarına 25% avans ödəniləcək Bunu "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bildirib
ASK
16 Dekabr , 2016 11:52
Kənd təsərrüfatı məhsulları istehsalçılarına 25% avans ödəniləcək

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gün “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC gördüyü işlər və qarşıda duran məsələlərə dair mətbuat konfransı keçirib.

"Report"un xəbərinə görə, konfransda çıxış edən ASC-nin İdarə Heyətinin sədr müavini Elşən Əsədov bildirib ki, Azərbaycanın iqtisadi potensialından səmərəli istifadə edilməsi və ixracyönümlü məhsulların istehsalının təşviqi mühüm nəticələrin əldə olunmasına gətirib çıxarıb. Onun sözlərinə görə, bu istiqamətdə qəbul edilən dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirib: "Regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan səmərəli istifadə olunmasına, əhalinin məşğulluğunun artırılmasına etibarlı zəmin yaradıb. Dövlət sifarişi ilə ərzaq məhsullarının yerli istehsalçılardan satın alınmasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək. Yerli fermerlər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının əlverişli satış bazarının yaradılmasına mühüm təsir göstərəcək. Eyni zamanda, satınalan təşkilatların təlabatına uyğun məhsullar çox olduğu halda uyğun şərtlərlərlə xarici bazarlara yönəldiləcək".

Sədr müavini qeyd edib ki, artıq noyabr ayından “Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı” elektron portalı istifadəyə verilib: "Satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri, satınalma şərtləri və digər məlumatlar elektron portalda yerləşdirilib. Hazırda istehsalçıların məhsullar üzrə təkliflərinin www.tedaruk.az portalı vasitəsi ilə qəbulu davam etdirilir. Portalda bugünə qədər 300-ə yaxın sahibkar qeydiyyatdan keçib. Azərbaycanın 12 regionunda ASC-nin regional ofisləri və tədarük anbarları yaradılıb. Bu anbarlar kənd təsərrüfatı məhsullarının tədarükünə başlamaq üçün hazır vəyiyyətə gətirilib".

E.Əsədov ölkədə ərzaq məhsulları istehsal edən fermerlərin, torpaq mülkiyyətçilərinin və istifadəçilərinin satış probleminin olmayacağını vurğulayıb: "Bütün kənd təsərrüfatı məhsulları istehsalçılarını ən qısa zamanda Cəmiyyətin portalında qeydiyyatdan keçməyə dəvət edirəm. Gələn ilin oktyabrından müqavilə bağlanan istehsalçılara müqavilə dəyərinin 25%-i həcmində avans ödəniləcək".

Qeyd edək ki, dövlət başçısının sərəncamı ilə “Ərzaq məhsullarının tədarükü və təchizati” ASC-nin yaradılmasında əsas məqsəd kənd təsərrüfatı məhsulları istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha da artırmaq, regionlarda kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarmaqla istehsalını və emalının stimullaşdırmasına zəmin yaratmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi