Kənd təsərrüfatı kooperativlərinin yaradılma prosedurları sadələşdirilir

Kənd təsərrüfatı kooperativlərinin yaradılma prosedurları sadələşdirilir Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurlarının sadələşdirilməsi məqsədilə nümunəvi nizamnamə hazırlanıb.
ASK
28 Dekabr , 2020 12:26
Kənd təsərrüfatı kooperativlərinin yaradılma prosedurları sadələşdirilir
0 : 00
0 : 00

Kənd təsərrüfatı istehsal kooperativlərinin yaradılma prosedurlarının sadələşdirilməsi məqsədilə nümunəvi nizamnamə hazırlanıb.

Bu barədə “Report”a Kənd Təsərüffatı Nazirliyindən bildirilib.

Məlumata görə, aqrar sektorun inkişafının effektivliyinin təşkili, torpaqlardan səmərəli istifadə, fermerlərin gəlirlərinin artırılması üçün birgə təsərrüfatçılıq forması kimi kənd təsərrüfatı kooperativlərinin yaradılması başlıca amillərdən biridir. Kooperativlər kiçik kənd təsərrüfatı məhsulları istehsalçılarına əhəmiyyətli dəstək verməklə, onların müxtəlif növ xidmətlərə, resurslara, texnologiyalara, kreditlərə və tədarük mərkəzlərinə çıxış imkanlarını artırırlar.

Ölkə prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatında fermer tərəfdaşlığının formalaşdırılması və kooperasiyanın inkişafı üçün tədbirlər müəyyən olunub.

"Strateji Yol Xəritəsi"nə və “Kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında indiyə qədər Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə pilot olaraq Sabirabad rayonunda 133 ailənin 850 hektarlıq pay torpaqlarından ibarət “Birlik”, 231 ailənin 730 hektarlıq pay torpaqlarından ibarət “Axısxalılar” və Qax rayonunda 96 ailənin pay torpaqlarından ibarət 350 hektarlıq “Atababa Fındıq” istehsal kooperativləri yaradılıb.

2019-cu ildə isə Samux rayonunun Füzuli kəndində “Bərəkət” Tərəvəz Toxumçuluq Kooperativi, Saatlı rayonunun Sarıcalar kəndində “Bolluq” İstehsal Kooperativi və Quba rayonunun İsnov Qışlaq kəndində “Qızıl Alma” İstehsal-İstehlak Kooperativi, 2020-ci ilin əvvəllərində Ağsu rayonunda “Sünbül” İstehsal Kooperativi, Cəlilabad rayonunun Kazımabad və Qarazəncir kəndlərində, Göytəpə qəsəbəsi və Cəlilabad şəhərində “Cəlilabad İstehsal Kooperativi” yaradılıb.

Kənd təsərrüfatı sahəsində kiçik əmtəə istehsalından rəqabətqabiliyyətli məhsul istehsalına keçmək, innovativ texnologiyaları tətbiq etməklə məhsuldarlığı artırmaq və xarici bazara çıxışı təmin etmək üçün kooperativlərin inkişafı ən optimal yol hesab edilir. Bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlər davam etdirilir. Müxtəlif təsərrüfat sahələri üzrə Cəlilabad rayonunda çiyələk istehsalı üzrə, Lənkəran rayonunda çəltikçilik və çayçılıq üzrə, Xaçmaz rayonunda gilas istehsalı üzrə, Bərdə və Ağcabədi rayonlarında pambıq istehsalı üzrə, Göyçay rayonunda xurma istehsalı üzrə, Zaqatala rayonunda çay istehsalı üzrə, Astara rayonunda sitrus meyvəçiliyi üzrə, Hacıqabul və Ağdaş rayonlarında taxıl istehsalı üzrə kooperativlərin yaradılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi