Kəlbəcərlilərə məxsus heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələr aparılır

Kəlbəcərlilərə məxsus heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələr aparılır Bakı. 4 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.
ASK
4 Mart , 2019 16:31
Kəlbəcərlilərə məxsus heyvanlar arasında profilaktik peyvəndləmə və diaqnostik müayinələr aparılır

Bakı. 4 mart. REPORT.AZ/ Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) ölkə ərazisində epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

Qurumdan “Report”a verilən məlumata görə, hazırda Kəlbəcər Rayon Baytarlıq İdarəsinin 8 sahə baytarlıq məntəqəsi tərəfindən aparılan tədbirlər çərçivəsində kəlbəcərlilərə məxsus ayrı-ayrı rayonlarda və şəxsi təsərrüfatlarda 16 910 baş iribuynuzlu, 316 baş təkdırnaqlı heyvanda qarayara, 340 baş sahibli ev itində quduzluq, 11 620 baş ev quşunda (“La-sota” ştammı ilə) nyukasıl xəstəliklərinə qarşı peyvəndləmə tədbiri aparılıb və 1 200 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb.

Fevral ayının 10-dan isə bütün ölkədə olduğu kimi, Kəlbəcər rayonundan erməni işğalçıları tərəfindən köçkün salınan əhaliyə məxsus iribuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 10 858 baş iribuynuzlu heyvanda dabaq xəstəliyinə (dabaq xəstəliyinin A,O,”Asiya”-1,Tur-15 tiplərinə qarşı) qarşı polivalent vaksinlə peyvəndləmə aparılıb. Xırdabuynuzlu heyvanlarda isə bu tədbirin mart ayında aparılması nəzərdə tutulur.

Tədbirlər çərçivəsində həm də maariflənmə işi aparılaraq iti yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərinə ətraflı məlumat verilir, təsərrüfatlarda baytarlıq-sanitariya qaydalarına ciddi əməl olunması tövsiyə edilir.

Qeyd edək ki, epizootik tədbirlər planına uyğun olaraq, bundan sonra kəlbəcərlilərə məxsus ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, bruselyoz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, çiçək, leptospiroz xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri davam etdiriləcək. Həmçinin həssas heyvanlar arasında bruselyoz və epididimit xəstəliyini aşkar etmək, xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə xırdabuynuzlu heyvanlardan qan nümunələrinin alınması nəzərdə tutulub.

DBX bildirib ki, rayon (şəhər) baytarlıq idarələri baytarlıq preparatları, lazımi ləvazimat və avadanlıqlarla təmin edilib. Hazırda xüsusi təhlükəli xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.

Son xəbərlər

Orphus sistemi