Azərbaycanda torpaq sahələrindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadəyə görə cərimələr artırılıb

Azərbaycanda torpaq sahələrindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadəyə görə cərimələr artırılıb Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb
ASK
3 Noyabr , 2015 18:25
Azərbaycanda torpaq sahələrindən təyinatına uyğun olmayan məqsədlər üçün istifadəyə görə cərimələr artırılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Prezident İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunun tətbiqi barədə sərəncam imzalayıb.

"Report"un məlumatına görə, sərəncamla Nazirlər Kabinetinə Azərbaycan Respublikası qanunlarının və Prezident aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib dövlət başçısına məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində dövlət başçısına məlumat vermək, həmin qanundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

Qanunda aşağıdakı dəyişikliklər edilib: 

1. 70-ci maddə ləğv edilsin.

2. 88-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi

88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -

fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.

88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -

fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”.

3. 88-3-cü maddə üzrə:

3.1. dispozisiyasına “mühafizə zonalarındakı torpaq sahələri” sözlərindən sonra “, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar” sözləri əlavə edilsin;

3.2. sanksiyasında “altmış manatdan doxsan manatadək miqdarda” sözləri “min beş yüz manat miqdarında” sözləri ilə əvəz edilsin.

Son xəbərlər

Orphus sistemi